“İran mediası Azərbaycanda vahid formalı məktəbli geyiminin tətbiqi ilə bağlı qərarı kontekstdən çıxararaq, “hicab qadağası” kimi təqdim edir. Özlərini İslamın və dini dəyərlərin müdafiəçisi kimi göstərərək, guya Azərbaycanda “dinin sıxışdırılmasına qarşı çıxdıqları” görüntüsünü yaratmağa çalışırlar”.
Gununsesi.info bildirir ki, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib:
“İran mediası azad, müstəqil deyil. Hər bir media subyektinin arxasında konkret hərbi, siyasi və ya “dini” mərkəzlər dayanır. Buna görə də həmin media resurslarının dini həssaslıqlara əsaslanan təbliğatını İranın siyasi və ideoloji maraqlarından kənarda nəzərdən keçirmək olmaz. Sentyabrın 30-da Qum şəhərində “dini mərkəz”lər tərəfindən keçiril konfrans və orada Azərbaycanda guya hicabın qadağan edildiyi barədə iddiaların səsləndirilməsi də sübut edir ki, İran mediasının yazdıqları konyukturadır. Onlar məktəbli geyimi ilə bağlı məsələni “İslama qarşı mübarizə” kimi təqdim etmək, dini hissləri qızışdırmaq və cəmiyyətdə qarşıdurma yaratmaq istəyirlər.
Amma əgər İran həqiqətən də İslamın və müsəlmanların təəssübünü çəkirsə, onda bir sıra suallara da cavab verməlidir. Məsələn, cavab verməlidir ki, 44 günlük Vətən müharibəsi dövründə İranın mövqeyi niyə müsəlman Azərbaycanın maraqları ilə üst-üstə düşmürdü? Niyə Ermənistanla hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq edirdi? Ermənistanın işğalı altında olan ərazilərdə dağıdılmış məscidlərə, dini və mədəni irsimizə münasibətdə eyni həssaslıq harada idi?
İslam təəssübkeşliyi yalnız siyasi maraqlara uyğun gələndə nümayiş etdirilən ritorika deyil. O, prinsipiallıq, ardıcıllıq və ədalət tələb edir.
İslamın müdafiəsi barədə danışanlardan ilk növbədə səmimiyyət, ardıcıllıq və ədalət tələb etmək lazımdır. Çünki dini dəyərlər siyasi maraqların alətinə çevriləndə təəssübkeşlik deyil, siyasi təbliğat ortaya çıxır”.
Şəbnəm












