Azərbaycanda repetitor qiymətləri 30–200 manat arasında dəyişir

  • Müəllif: Orxan
  • 14 Oktyabr 2026 11:48

Azərbaycanda repetitorluq məktəb təhsilini tam əvəz etməsə də, onu tamamlayan əsas vasitələrdən birinə çevrilib. Xüsusilə ali məktəblərə qəbul imtahanlarına hazırlaşan şagirdlər üçün əlavə hazırlıq ailə büdcəsinin əhəmiyyətli xərc istiqamətlərindən birini təşkil edir.

Son illər ölkədə repetitor və hazırlıq kurslarının xidmət haqları arasında ciddi qiymət fərqləri müşahidə olunur. Paytaxtla bölgələr arasında qiymətlərin əhəmiyyətli dərəcədə dəyişməsi, eləcə də hazırlıq xərclərinin ildən-ilə artması valideynləri narahat edən məsələlərdəndir.

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Gununsesi.info-ya açıqlamasında bildirib ki, repetitor xidmətlərinin qiymətlərindəki regional fərqlər və bahalaşma əsasən tələb-təklif münasibətləri, bazar iqtisadiyyatının şərtləri və yaşayış xərcləri ilə bağlıdır.

“Ölkə üzrə bir fənnə görə aylıq hazırlıq qiyməti Bakının mərkəzində 150–200 manat, rayonlarda isə 30–50 manat arasında dəyişir. Bunun əsas səbəbləri paytaxtda icarə xərclərinin və əhalinin alıcılıq qabiliyyətinin daha yüksək olması, həmçinin ali məktəblərə qəbul uğrunda rəqabətin regionlarla müqayisədə daha kəskin xarakter daşımasıdır.

Qiymətlərin hər il artması isə ümumi inflyasiya, müəllimlərin şəxsi yaşayış xərclərinin yüksəlməsi, sahibkarların vergi və sosial sığorta öhdəlikləri, eləcə də Dövlət İmtahan Mərkəzinin imtahan proqramlarında baş verən dəyişikliklərlə əlaqələndirilə bilər.

Bu sahədə dövlət tərəfindən vahid tarif tənzimlənməsi olmadığından, sərbəst bazar şəraitində yüksək nəticələri ilə tanınan müəllimlər də tələbatdan asılı olaraq xidmət haqlarını artıra bilirlər”, – deyə ekspert qeyd edib.

Gununsesi.info