“Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsi ABŞ-da müzakirə olunub. ABŞ bu mövzunu Azərbaycanla geniş şəkildə müzakirə edib. Prezident Donald Trampın sonuncu dəfə Azərbaycan tərəfinə təşəkkür etməsi də bundan xəbər verir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Digər tərəfdən, Prezident İlham Əliyevin sonuncu dəfə Naxçıvana səfəri zamanı iki yeni komando hərbi hissəsinə döyüş bayraqlarını təqdim etməsi də müəyyən mesaj idi. Naxçıvan Zəngəzur dəhlizinin digər tərəfində yerləşir. Azərbaycanın bu tərəfində isə kifayət qədər güclü sərhəd infrastrukturu yaradılıb. Bununla yanaşı, azad edilmiş ərazilərdə, o cümlədən Zəngəzur dəhlizindən çox da uzaq olmayan ərazilərdə zəruri hərbi birliklərin və infrastrukturun yaradılması istiqamətində işlər görülüb. Prezidentin səfərləri zamanı bununla bağlı görüntülər də yayımlanıb. Bütün bunlar müəyyən mesajlar verir”.
O əlavə edib ki, Azərbaycanın 42 kilometrlik dəhlizin təhlükəsizliyini öz imkanları hesabına təmin etmək gücü var:
“Digər tərəfdən, bu məsələdə ABŞ-ın, xüsusilə də Donald Trampın da adı var. Əvvəllər hər həftə İran tərəfindən “qırmızı xətt”lə bağlı bir neçə bəyanat səsləndirilirdi. İndi isə belə açıqlamaların sayı azalıb. Hazırda daha çox ikibaşlı bəyanatların şahidi oluruq. İran tərəfi gah ABŞ-la, gah da Ermənistanla aparılan müzakirələrdən danışaraq bu layihənin öz təhlükəsizliyinə təhdid yaratdığını bildirir”.
Şəbnəm












