Azərbaycan Aİ ilə vizasız rejimə hazırdırmı? – Deputatdan AÇIQLAMA

  • 26 Noyabr 2026 15:45

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 25 noyabr 2026-cı ildə Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşündə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması məsələsindən danışıb.

Bayramov bildirib ki, Litva bu prosesə dəstəyini ifadə edib və bu, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Nazirin əsas açıqlamaları bunlardır ki, Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə səfərləri zamanı viza məsələsi ciddi çətinliklər yaradır.

O cümlədən Azərbaycan viza prosedurlarının sadələşdirilməsinə və elektron viza rejiminə hazırdır bə Azərbaycan bir sıra ölkələrlə qarşılıqlı viza rejimini ləğv edib, Aİ ilə də oxşar rejimin tətbiqində maraqlıdır.

Aİ-nin qaydalarına əsasən, viza liberallaşdırılması ayrı-ayrı üzv dövlətlərlə deyil, bütövlükdə İttifaq səviyyəsində həyata keçirilməlidir.

Maraqlı məqam odur ki, Ermənistan, Gürcüstan vaxtı ilə bu prosesi keçib.

Ancaq keçdiyi zaman həm də demokratik təsisatların vəzuyyəti, insan haqları və s. məsələlərə də diqqət göstərib.

Bəs Azərbaycan hazırda buna hazırdırmı?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb.

“İlk növbədə qeyd edim ki, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərləri zamanı qarşılaşdıqları viza çətinliklərinin aradan qaldırılması obyektiv zərurətdir”,- deyə o qeyd edib.

Mirzəbəyli həmçinin deyib:

“Bu məsələ yalnız turizm və ya fərdi səfərlərlə bağlı deyil. Söhbət təhsil, elm, biznes, mədəniyyət, texnologiya və insanlar arasında birbaşa əlaqələrin genişləndirilməsindən gedir. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə qarşılıqlı faydaya, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa əsaslanan yanaşmanın tərəfdarıdır. Ölkəmiz bir sıra dövlətlərlə qarşılıqlı vizasız rejim tətbiq edib, elektron viza sistemini formalaşdırıb və bu sahədə kifayət qədər müsbət təcrübə qazanıb. Ona görə də Azərbaycanın texniki, institusional və inzibati baxımdan viza prosedurlarının sadələşdirilməsinə kifayət qədər ciddi hazır olduğunu söyləmək üçün əsaslar var.

Ancaq burada bir məqamı fərqləndirmək lazımdır”.

Deputat eyni zamanda vurğulayıb:

“Nəzərinizə çatdırım ki, viza prosedurlarının sadələşdirilməsi ilə vizasız rejimin tətbiqi eyni şey deyil. Bunlar hüquqi və siyasi baxımdan fərqli mexanizmlərdir. Azərbaycanın mövqeyi ondan ibarət olmalıdır ki, Avropa İttifaqı ilə münasibətlərdə vətəndaşlarımızın hərəkət azadlığını asanlaşdıran, qarşılıqlı etimadı möhkəmləndirən və bərabərhüquqlu tərəfdaşlığı təmin edən mexanizmlər yaradılmalıdır. Avropa İttifaqı ilə münasibətlərdə, ola bilsin ki, hansısa başqa bir dövlətin sizin qeyd etdiyiniz ölkələrin təcrübəsinə nəzər salmasına ehtiyac var, amma bu dövlət Azərbaycan deyil. Biz milli maraqları müvəqqəti parıltılara qurban verməyin nəticələrinin necə oilduğunu başqalarının timsalında çox yaxşı bilirik. Bu baxımdan, mavi parça üzərində “parıldayan” çoxsaylı ulduzlardan öz ay-ulduzumuza üstünlük veririk”.

Parlamentari onu da vurğulayıb ki, viza rejiminin liberallaşdırılması prosesində demokratik təsisatların və insan hüquqlarının vəziyyətinin yer alması ehtimalına gəldikdə isə bu, məsələnin ən çox müzakirə doğura biləcək tərəfidir:

“Birmənalı şəkildə qeyd etmək lazımdır ki, insan hüquqları, fundamental azadlıqlar, qanunun aliliyi və demokratik təsisatların səmərəli fəaliyyəti hər bir dövlət üçün mühüm məsələlərdir. Azərbaycan da bu məsələləri özünün inkişaf gündəliyindən kənarda saxlamır. İstənilən cəmiyyətdə olduğu kimi, Azərbaycanda da təkmilləşdirilməli olan sahələr, müzakirə edilə biləcək məsələlər və institusional inkişafına ehtiyac duyulan istiqamətlər var. Lakin burada əsas məslə ondan ibarətdir ki, insan hüquqları və demokratiya meyarları hansı məqsədlə, hansı prinsiplərlə və nə dərəcədə obyektiv tətbiq edilir? Biz görürük ki, bir sıra hallarda bu məsələlərə münasibətdə vahid və universal yanaşmadan daha çox siyasi və geosiyasi maraqlar ön plana çıxır. Eyni xarakterli proseslər müxtəlif ölkələrdə fərqli qiymətləndirilir. Bəzi dövlətlərdə demokratik institutların fəaliyyəti ilə bağlı ciddi problemlər siyasi əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafına mane olmur, başqa dövlətlərə münasibətdə isə hətta əsassız və subyektiv iddialara söykənən məsələlər təzyiq alətinə çevrilir”.

Elçin Mirzəbəyli o cümlədən hesab edir ki, bu yanaşmalar, beynəlxalq münasibətlər sistemində ciddi etimad problemi yaradır:

“Əgər insan hüquqları universal dəyərdirsə, onun müdafiəsi də universal olmalıdır. İnsan hüquqları coğrafiyadan, siyasi münasibətlərdən asılı olaraq dəyişə bilməz.

Azərbaycanın mövqeyi də məhz bu prinsipə əsaslanır – insan hüquqları siyasi selektivliyin deyil, obyektiv və bərabərhüquqlu qiymətləndirmənin predmeti olmalıdır. Bir dövlətin demokratik inkişaf səviyyəsini qiymətləndirmək olar, lakin bu qiymətləndirmə həmin dövlətin suverenliyinə müdaxilə etmək, onun xarici siyasət prioritetlərini dəyişdirmək və ya milli maraqlarına uyğun qərarlarına təsir göstərmək vasitəsinə çevrilməməlidir.

Məhz bu məqamda Avropa İttifaqının özünə də ünvanlanan suallar var. Çünki İttifaqa üzv ölkələrdə də insan hüquqları, miqrantların hüquqlarının qorunması, ayrı-seçkilik, media azadlığı, məhkəmə sisteminin müstəqilliyi və demokratik institutların fəaliyyəti ilə bağlı ciddi müzakirə yol aça biləcək problemlər kifayət qədərdir. Əslində, beynəlxalq siyasətin ən böyük problemlərindən biri universal dəyərlərin siyasi maraqlardan asılı vəziyyətə salınmasıdır. İnsan hüquqları, demokratiya, qanunun aliliyi kimi anlayışlar öz mahiyyətinə görə heç bir dövlətin geosiyasi maraqlarına xidmət edən vasitəyə çevrilməməlidir. Lakin təəssüf ki, beynəlxalq münasibətlərdə bunun əksini göstərən kifayət qədər nümunələr var. Azərbaycan heç insan hüquqları və demokratik təsisatlarla bağlı müzakirələrdən yayınmayıb. Ancaq bu müzakirələrin siyasi sifariş, təzyiq və ya dövlətlərin daxili və xarici siyasətinə müdaxilə vasitəsinə çevrilməsinə də razı olmayıb. Avropa İttifaqı demokratiyanı ixrac ediləcək siyasi məhsul, insan hüquqlarını isə tərəfdaş dövlətlərə təzyiq göstərmək üçün istifadə edilən diplomatik alət kimi təqdim etməməlidir.

Demokratiya hər bir cəmiyyətin tarixi, siyasi, sosial və mədəni xüsusiyyətləri nəzərə alınmaqla inkişaf edən institusional sistemdir. Bu, heç də insan hüquqlarının universallığını şübhə altına almır. Sadəcə, demokratik institutların inkişafı ilə siyasi modelin kənardan qəbul etdirilməsi arasında ciddi fərq olduğunu göstərir.

O, son olaraq qeyd edib:

“Əgər Avropa İttifaqı demokratiyanı və insan hüquqlarını həqiqətən universal dəyər hesab edirsə, bu dəyərlərə münasibətdə ikili standartlardan imtina etməlidir. Azərbaycanın mövqeyi isə aydındır. Ölkəmiz əməkdaşlığa, dialoqa və qarşılıqlı inteqrasiyaya açıqdır, lakin suverenliyimiz, milli maraqlarımız və müstəqil siyasi iradəmiz müzakirə predmeti deyil və heç vaxt da olmayacaq”.

Orxan

Gununsesi.info