Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 25 noyabr 2026-cı ildə Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşündə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması məsələsindən danışıb.
Bayramov bildirib ki, Litva bu prosesə dəstəyini ifadə edib və bu, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Nazirin əsas açıqlamaları bunlardır ki, Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə səfərləri zamanı viza məsələsi ciddi çətinliklər yaradır.
O cümlədən Azərbaycan viza prosedurlarının sadələşdirilməsinə və elektron viza rejiminə hazırdır bə Azərbaycan bir sıra ölkələrlə qarşılıqlı viza rejimini ləğv edib, Aİ ilə də oxşar rejimin tətbiqində maraqlıdır.
Aİ-nin qaydalarına əsasən, viza liberallaşdırılması ayrı-ayrı üzv dövlətlərlə deyil, bütövlükdə İttifaq səviyyəsində həyata keçirilməlidir.
Maraqlı məqam odur ki, Ermənistan, Gürcüstan vaxtı ilə bu prosesi keçib.
Ancaq keçdiyi zaman həm də demokratik təsisatların vəzuyyəti, insan haqları və s. məsələlərə də diqqət göstərib.
Bəs Azərbaycan hazırda buna hazırdırmı?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.
O bildirib ki, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfər etmək imkanının yaradılması tamamilə legitim və aktual məsələdir.
“Bu, sadəcə səyahət rahatlığı deyil, insanların təhsil, elm, biznes, turizm və mədəni əlaqələr imkanlarının genişlənməsi deməkdir. Xüsusilə də bu gün Avropa ilə münasibətlərin inkişafında insanlararası təmasların artırılması mühüm əhəmiyyət daşıyır. Amma Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması məsələsinə yalnız texniki və inzibati prosedur kimi yanaşmaq olmaz. Bu məsələ həm də siyasi münasibətlərin, qarşılıqlı etimadın və tərəflərin bir-birinə münasibətdə nümayiş etdirdiyi yanaşmanın göstəricisidir.
Biz reallığı olduğu kimi qiymətləndirməliyik”,- deyə o qeyd edib.
Akimova həmçinin bildirib:
“Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdiyi, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə Avropanın aparıcı siyasi institutlarından hər zaman ədalətli və obyektiv mövqe görməyib. Xüsusilə Avropa Parlamentinin Azərbaycana münasibətdə qəbul etdiyi bir sıra qərəzli qətnamələr, Ermənistanın mövqeyinə daha çox siyasi həssaslıq göstərilməsi və ölkəmizə qarşı ittihamedici ritorika ciddi suallar doğurub. 2024-cü ilin martında Avropa Parlamentinin Ermənistanla əlaqələrin genişləndirilməsinə dair qəbul etdiyi qətnamədəki birtərəfli yanaşma Azərbaycanın haqlı narazılığına səbəb olmuşdu. Bu mövqe Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də ikili standartların təzahürü kimi qiymətləndirilmişdi. Digər tərəfdən, Avropa İttifaqının Ermənistanla viza liberallaşdırılması dialoquna başlaması, bu istiqamətdə konkret yol xəritəsi təqdim etməsi də diqqət çəkən məqamdır. Halbuki Azərbaycan vətəndaşları da Avropa ölkələrinə səfər zamanı ciddi viza maneələri ilə qarşılaşırlar. Təbii ki, hər bir ölkənin öz islahat və öhdəlikləri var. Lakin burada əsas prinsip ondan ibarətdir ki, eyni məsələlərə münasibətdə ayrı-seçkiliyə və siyasi selektivliyə yol verilməməlidir.
Xanım deputat onu da vurğulayıb ki,
Azərbaycan Avropa ilə əməkdaşlıqdan imtina etmir və belə bir niyyəti də yoxdur:
“Ancaq əməkdaşlıq qarşılıqlı hörmətə, suverenliyə, bərabərhüquqlu tərəfdaşlığa və daxili işlərə qarışmamaq prinsipinə əsaslanmalıdır. Azərbaycan öz müstəqil siyasəti, milli maraqları və dövlətçilik prinsipləri olan ölkədir. Heç bir tərəf Azərbaycana münasibətdə birtərəfli şərtlər diktə edə bilməz”.
O, son olaraq deyib:
“Mən hesab edirəm ki, ölkəmizin viza liberallaşdırılması prosesinə başlaması üçün siyasi və diplomatik səylər artırılmalıdır. Litvanın bu məsələdə Azərbaycana dəstək ifadə etməsi müsbət haldır. Eyni zamanda, Avropa İttifaqının bütün üzv dövlətləri səviyyəsində bu təşəbbüsün dəstəklənməsi vacibdir. Biz gözləyirik ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, regional sabitlikdə oynadığı rol və beynəlxalq münasibətlər sistemində artan çəkisi də tərəfdaşlarımız tərəfindən adekvat qiymətləndirilsin. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Azərbaycan özünü heç kimlə müqayisə etmək və ya kiminsə qarşısında hansısa üstünlüyünü sübut etmək məcburiyyətində deyil. Bizim tələbimiz sadədir – Azərbaycan vətəndaşlarına da digər tərəfdaş ölkələrin vətəndaşları ilə bərabər imkanlar yaradılmalıdır. Avropa İttifaqı Azərbaycanla münasibətlərdə həqiqətən strateji tərəfdaşlıq istəyirsə, bu münasibətlərdə ikili standartlara deyil, qarşılıqlı hörmətə və ədalətli yanaşmaya üstünlük verməlidir. Viza məsələsi də bu siyasi münasibətlərin səmimiyyətini və real məzmununu göstərən mühüm sınaqlardan biridir”.
Orxan












