ABŞ təyyarəsində insident: Sərnişin qapını açmağa cəhd edib

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2026 09:15

ABŞ-nin “American Airlines” aviaşirkətinə məxsus San-Dieqo–Çikaqo reysini həyata keçirən sərnişin təyyarəsi göyərtədə baş verən insident səbəbindən Finiks şəhərinə təcili eniş edib.

Hadisə zamanı sərnişinlərdən biri “İsanı görmək istəyirəm, məni bu təyyarədən düşürün” deyə qışqıraraq təyyarənin qapılarını açmağa cəhd göstərib.

Ekipaj üzvləri və digər sərnişinlərin müdaxiləsi ilə həmin şəxs zərərsizləşdirilib.

Gununesi.info  xəbər verir ki, ABŞ-nin ABC telekanalı hadisə ilə bağlı Federal Aviasiya Administrasiyasının (FAA), Federal Təhqiqatlar Bürosunun (FTB) və Finiks polisinin açıqlamalarını yayıb.

Bildirilib ki, noyabrın 25-də baş verən insident nəticəsində həmin sərnişin yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Sərnişin təyyarədən düşürüldükdən sonra 1494 saylı reys Çikaqoya uçuşunu davam etdirib.

FTB həmin şəxsin saxlanıldığını, şahidlərin dindirildiyini və federal ittihamın irəli sürülməsi məsələsinin prokurorluqla müzakirə ediləcəyini açıqlayıb.

Federal Aviasiya Administrasiyası da hadisə ilə bağlı araşdırmaya başlayıb.

Gununesi.info