Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”yə əsasən, müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər.
Gununesi.infoxəbər verir ki, əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim üsulları üzrə kurslar təşkil ediləcək. Onların hərbi xidmət illəri isə pedaqoji staja daxil ediləcək.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Gununesi.info-ya açıqlamasında bildirib ki, pedaqoji təcrübəsi olmayan şəxslər üçün müvafiq kursların təşkili vacibdir.
Onun sözlərinə görə, həmin şəxslərin şagirdlərlə pedaqoji və metodiki baxımdan düzgün işləməsi üçün Elm və Təhsil Nazirliyi lazımi bilik və bacarıqların öyrədilməsinə kömək etməlidir.
Ekspert hesab edir ki, müharibə veteranlarının məktəblərdə bu vəzifəyə cəlb olunması həm şagirdlərə, həm də müəllimlərə müsbət təsir göstərə bilər:
“Çünki müəllimlər də onlarla çiyin-çiyinə çalışan Vətən müharibəsi iştirakçılarını görmək istəyəcəklər. Bu, müəllimlərin vətənpərvərlik ruhunun güclənməsinə də təsir göstərə bilər. Məktəblərdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə həmin şəxslərin təcrübəsindən istifadə olunması da faydalı olar.
Şagirdlərin yetişməsi və formalaşması üçün ilk növbədə onlarda Vətənə sevgi və vətənpərvərlik hissləri aşılanmalıdır. Hesab edirəm ki, müharibə veteranları bu baxımdan şagirdlər üçün nümunə ola bilərlər”.
Şəbnəm












