Hüquqşünas: “Şəxsin borcunu sosial şəbəkədə yaymaq qanun pozuntusu ola bilər”

  • Müəllif: Orxan
  • 27 Noyabr 2026 17:33

Son dövrlər sosial şəbəkələrdə borclu şəxslərin adlarının, fotoşəkillərinin və digər şəxsi məlumatlarının paylaşılması hallarına rast gəlinir.

Bəzi şəxslər borcunu qaytarmayan insanlara ictimai təzyiq göstərmək məqsədilə onların məlumatlarını sosial şəbəkələrdə yayımlayırlar.

Bəs bu cür davranış qanunidirmi?

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, şəxsin kimliyi, maliyyə vəziyyəti və borc münasibətləri ilə bağlı məlumatların yayılması müəyyən hallarda onun şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması hesab edilə bilər.

Onun sözlərinə görə, hər hansı şəxsin borclu olması barədə məlumatın sosial şəbəkədə paylaşılması avtomatik olaraq qanuni hesab edilmir. Belə məlumatların yayılması zamanı şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması və şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.

Şamil Paşayev qeyd edib ki, xüsusilə borclu şəxsin fotoşəklinin, telefon nömrəsinin, yaşayış ünvanının və digər fərdi məlumatlarının onun razılığı olmadan paylaşılması hüquqi məsuliyyət məsələsini gündəmə gətirə bilər.

Hüquqşünas vurğulayıb ki, borcun həqiqətən mövcud olması belə qarşı tərəfə həmin şəxsi təhqir etmək, alçaltmaq və ya onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaq hüququ vermir.

Borcun qaytarılması ilə bağlı mübahisələr qanunvericilikdə nəzərdə tutulan mülki-hüquqi mexanizmlər vasitəsilə həll edilməlidir.

Onun sözlərinə görə, hüquqları pozulan şəxs məlumatların silinməsini, yayılmasının dayandırılmasını və qanunla nəzərdə tutulmuş hallarda vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Orxan

Gununsesi.info