İsrail Müdafiə Ordusu Qəzza şəhəri yaxınlığında hava zərbəsi endirib. Nəticədə HƏMAS-ın iki üzvü öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, öldürülənlərdən biri Əhməd Süfyan Məhəmməd Əli Əbu Həsirə, digəri isə HƏMAS-ın hərbi qanadının artilleriya bölməsinin komandiri Müad Yusif Əli Sabah olub.
İsrail ordusunun açıqlamasına görə, hər iki şəxs beynəlxalq humanitar təşkilat olan “Sərhədsiz Həkimlər”in (MSF) klinikasında mühafizəçi işləməklə yanaşı, HƏMAS-ın fəaliyyətində də iştirak edib.
Ordunun bildirdiyinə görə, zərbə xəstəxanaya endirilməyib və ərazidəki tibbi infrastruktur zərər görməyib. Həmçinin hücumdan əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görülüb.
İsrail tərəfi öldürülən şəxslərin İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar planlaşdırdığını, Qəzza zolağında silahlı qruplaşmaların imkanlarını bərpa etməkdə iştirak etdiyini iddia edib. Həmçinin onların atəşkəs rejimini pozduğunu bildirib.












