Yazıda Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın BMT tribunasındakı çıxışlar, İranın Yaxın Şərq siyasəti və region ölkələrinin daxili işlərinə müdaxiləsi ilə bağlı fikirlərinə yer verilmişdi.
Həmin yazı ilə bağlı İran İslam Respublikasının Bakıdakı Səfirliyi “Gününsəsi” -nin baş redaktorunun adına məktub göndərib.
Səfirlik həmin məktubda siyasi şərhçinin fikirlərinə etirazını bildirib.
Həmin məktubu dərc edirik:
“Cənab Pərviz Həşimli, “Gununsesi.info” xəbər portalının hörmətli direktoru
Hörmətlə bildiririk ki,
rəhbərlik etdiyiniz xəbər portalında “Sədrəddin Soltan” adlı şəxsin fikirləri əsasında qərəzli və həqiqətə uyğun olmayan bir materialın dərc edilməsi ilə əlaqədar İran İslam Respublikasının Bakıdakı Səfirliyi işğal olunmuş Fələstin torpaqlarında sionist rejimin gecə-gündüz törətdiyi cinayətlərin bəraətləndirilməsinə xidmət edən, reallıqdan uzaq bu cür təhlillərin yayımlanmasından təəssüf hissi keçirdiyini bildirir və hörmətli oxucuların diqqətinə çatdırılması və ictimaiyyətin obyektiv məlumatlandırılması məqsədilə aşağıdakı məqamları bəyan edir:
İran İslam Respublikasının xarici siyasəti İran İslam Respublikasının Konstitusiyasında təsbit olunmuş prinsiplər əsasında həyata keçirilir və beynəlxalq hüququn, habelə beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət və hörmət edilməsinə əsaslanır. Fələstinin müdafiəsiz xalqına və regionun müqavimət qruplarına göstərilən dəstək onların müraciətləri əsasında və sionist rejimin soyqırımı maşınının dayandırılması məqsədilə həyata keçirilir.
Çünki Yaxın Şərqdə mövcud təhlükəsizlik böhranının və qeyri-sabitliyin əsas səbəbi məhz bu işğalçı rejimin işğalçılıq siyasəti, beynəlxalq hüquq normalarına məhəl qoymaması və davamlı təcavüzləridir. Bu səbəbdən İranın digər ölkələrin daxili işlərinə müdaxilə etməsi barədə irəli sürülən ittihamlar tamamilə əsassız olmaqla yanaşı, regiondakı reallıqların təhrif olunmasına xidmət edir;
İran İslam Respublikasının möhtərəm Prezidenti cənab Məsud Pezeşkianın Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxış da sionist rejimin son dərəcə ağır silahlarla təchiz olunmuş hərbi qüvvələrinin Fələstinin müdafiəsiz xalqına qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər fonunda məzlum Fələstin xalqının səsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyırdı. Bununla belə, qeyd olunan müəllif Qəzza, Yəmən, Livan, Əfqanıstan və hazırda İran ərazisində qadınların və uşaqların kütləvi şəkildə qətlə yetirilməsini görməzdən gələrək, bu hadisələri adi və normal bir hal kimi təqdim etməyə çalışır. Məhz bu səbəbdən o, sionist rejimi müdafiə edən, İran İslam Respublikasına qarşı isə tamamilə həqiqətə zidd və qərəzli yanaşmanı öz yazısında əsas götürmüşdür;
Eyni zamanda, müəllif Ukrayna sərnişin təyyarəsinin faciəvi qəzası ilə bağlı natamam məlumatlara əsaslanaraq faktları təhrif etmiş və bunun əsasında İran İslam Respublikasına qarşı haqsız ittihamlar irəli sürmüşdür.
İran İslam Respublikasının Səfirliyi həmin xəbər portalının məsuliyyətlilik prinsipinə və peşəkar jurnalistika etikasına riayət etməsini və həqiqətə uyğun olmayan, qərəzli və parçalanmaya xidmət edən təhlillərin yayılması üçün özünü bir tribunaya çevirməkdən çəkinməsini gözləyir. Belə yanaşmaların regionun düşmənlərinə xidmət etməkdən və İran İslam Respublikası ilə qonşu Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməkdən başqa heç bir məqsədə xidmət etmədiyi qənaətindəyik.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat şöbəsi
Surəti: Media və Yayım Şurası”.












