Ukrayna 2026-cı ilin ilk altı ayında Qərb ölkələrindən gözlədiyi makromaliyyə yardımının 8,3 milyard dollarını ala bilməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kiyev büdcə planlaşdırılması zamanı ilin birinci yarısında xarici tərəfdaşlardan 27 milyard dollar maliyyə dəstəyi alacağını nəzərdə tutsa da, faktiki daxilolmalar təxminən 18,7 milyard dollar təşkil edib.
Ukrayna hökuməti aylıq orta hesabla 4,5 milyard dollar yardım gözləyib. Lakin ilin ilk beş ayında ayrılan vəsait bu göstəricidən xeyli aşağı olub.
Belə ki, yanvarda Ukraynaya 2,4 milyard, fevralda 1,5 milyard, martda 1,7 milyard, apreldə 1,3 milyard, mayda isə cəmi 500 milyon dollar maliyyə yardımı göstərilib.
İyunda vəziyyət qismən dəyişib. Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu ümumilikdə 90 milyard avroluq ikiillik kredit proqramı çərçivəsində Kiyevə 11,3 milyard dollar ayrılıb.
Buna baxmayaraq, ilin birinci yarısında xarici maliyyələşmənin həcmi planlaşdırılan səviyyəyə çatmayıb.
Məlumata əsasən, Ukrayna hökuməti ilin ilk aylarında yaranan büdcə kəsirini qarşılamaq üçün ilin sonuna ehtiyat olaraq saxlanılan vəsaitlərdən istifadə etmək məcburiyyətində qalıb.











