Balakən rayonunun keçmiş icra başçısı, 1 il 1 aydır həbsdə olan İslam Rzayev noyabrın 27-də məhkəmə qarşısına çıxarılıb.
Gununsesi.info xəbər verir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
61 yaşlı İ.Rzayevin işinə onun müavini olmuş, eyni zamanda, YAP-ın Balakən Rayon Təşkilatının sədri işləmiş Azad Balayevlə birlikdə baxılır.
14 il icra başçısı vəzifəsində çalışmış İ.Rzayev külli miqdarda mənimsəmə, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar verilib. İstintaq dövründə onun özünə və yaxınlarına məxsus Bakıda yerləşən bir neçə mənzilin, bağ evlərinin, avtomobillərin, qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulub.
A.Balayevə qarşı isə yalnız rüşvət ittihamı irəli sürülüb.
Noyabrın 27-də məhkəmənin ilkin hazırlıq iclasında həm Rzayevin, həm də Balayevin vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Vəkillər vurğulayıb ki, heç birinin məhkəmədən yayınmaq niyyəti yoxdur, indiyədək dövlət qarşısında xidmətləri olub və s.
Lakin Xaliq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
Onlar məhkəmə prosesinin qapalı keçirilməsini istəyiblər. Bu barədə də vəsatət qaldırıblar. Lakin bu vəsatətə də “yox” deyilib.
Dekabrın 11-də keçiriləcək məhkəmə iclasında prokuror keçmiş icra başçısı və YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri haqqında ittiham aktını elan edəcək.












