1500-yə yaxın hərbçi mənzillə təmin olunub – MM-in komitə sədri

  • By admin
  • 10 İyul 2016 21:09

hadi-2

 

Bu il 1500-ə yaxın hərbi qulluqçuya yeni mənzillər  verilib.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri-ruhumuzun qələbəsi!” devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbirdə çıxışı zamanı dilə gətirib.

Qeyd edək ki, mərasimdə çıxış edən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıb, qeyd edib ki, aprel döyüşlərində fərqlənən oğullarımız və şəhidlik zirvəsinə ucalmış Vətən övladları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə orden və medallarla, fəxri adlarla mükafatlandırılıb. Şəhid ailələrinə ölümündən sonra təltif olunduqları medallar təqdim edilib. O, diqqətə çatdırılıb ki, aprel döyüşləri Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın monolit birliyinin nümayişinə çevrilib.

H.Rəcəbli isə çıxışında Azərbaycanda ordu quruculuğunun ən yüksək səviyyədə olduğunu bildirib. Ölkəmizdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan komitə sədri bu il 1500-ə yaxın hərbi qulluqçuya yeni mənzillərin verildiyini diqqətə çatdırıb. Komitə sədri həmçinin qeyd edib ki, aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların və onların ailə üzvlərinin Yeni Azərbaycan Partiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində istirahəti təşkil olunub.

Onu da qeyd edək ki,  tədbirdə aprel döyüşlərinin Lənkəranda istirahət edən hərbi qulluqçuları da iştirak ediblər. Döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti adından müdafiə naziri, generel-polkovnik Zakir Həsənovun əmri ilə Milli Ordunun əsgərləri – Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini Röyal Nəsirovun, Masallı rayonunun Güllütəpə kənd sakini Firdovsi Bağırzadənin və Lənkəran rayonunun Vilvan kənd sakini Nahid Səfərovun ölümlərindən sonra təltif olunduqları “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medallar mərasimdə şəhidlərin ailə üzvlərinə təqdim edilib.

 

hadi-1

 

Gununsesi.info