“2016-cı ildə ölkədə 26611 cinayət baş verib” - Ramil Usubov:

  • By admin
  • 29 Yanvar 2017 08:57

ramil-usubov

 

Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Nazirlikdən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, həmçinin, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib.  Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib. 

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri deyib ki, 2016-cı ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.611 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adam öldürmə və  ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faizi, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb. Əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz, onlardan soyğunçuluqların açılması 15,2 faiz, quldurluqların açılması 10,2 faiz, oğurluqların açılması 3,8 faiz, hədə-qorxu ilə tələb etmələrin  açılması 4,7 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib.

Gununsesi.info