“2017-ci il son 15 ildə ən yüksək büdcə defisitinin qeydə alındığı maliyyə ili olub” - RÖVŞƏN AĞAYEV

  • By admin
  • 11 Yanvar 2018 17:22

2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş proqnoza qarşı 98 faiz səviyyəsində icra olunub.

Gununsesi.info xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Belə ki, geridə qoyduğumuz ildə dövlət büdcənin gəlirləri 16 milyard 447 milyon manat, xərcləri isə 17 milyard 588 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının aylıq bülleteninə əsasən, büdcə xərclərinin aylıq bölgüsü aşağıdakı kimi olub:

Yanvar    924 milyon manat

Fevral      1267 milyon manat

Mart        1721 milyon manat

Aprel       1478 milyon manat

May        1334 milyon manat

İyun         1470 milyon manat

İyul          1572 milyon manat

Avqust     1562 milyon manat

Sentyabr   1456 milyon manat

Oktyabr     1367 milyon  manat

Deməli, on ayın göstıricilərinə görə dövlət büdcəsi 14 milyon 150 milyon manat xərclənib. Maliyyə nazirinin büdcə xərcləri və gəlirləri ilə bağlı son açıqlamasına əsaslansaq, o zaman noyabr və dekabr ayları ərzində  orta hesabla 1milyard 720 milyon  manat xərclənib. Qeyd edək ki, uzun illərdən sonra ilk dəfədir ki, son aylar üzrə büdcə xərclərinin proporsiyası gözlənilir. Bu illər ərzində büdcə xərclərinin 30-40 faizi noyabr-dekabr aylarında bölünürdü. Bu da digər on ayla müqayisədə proporsiyanın ciddi şəkildə  pozulması demək idi. Bunun əsas səbəblərindən biri büdcədə investisiya xərclərinin böyük paya sahib olması idi. Belə ki, hökumət investisiya xərclərinin böyük hissəsini son iki ayda istifadə edirdi ki, bu da qeyri-şəffaflıqla bağlı şübhələrə yol açırdı. Keçən il yaranmış böhranla əlaqədar investisiya xərclərinin azalması büdcənin bölgüsündə də özünü göstərdi.

S.Şərifovun açıqlamasına görə, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasına baxmayaraq, gömrük daxilolmalarının 16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub.

“Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiq olunmuş icmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən, həmin kəsir ÜDM-in 1,5 faizinədək daralaraq 1 milyard manat təşkil edib”- nazir qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib: “Bu vəsait çərçivəsində maliyyələşdirilmiş bir sıra sosial xərcləri xüsusilə qeyd etmək istərdim. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib.

Səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il dövlət büdcəsindən bu məqsədə 36,0 milyon manat vəsait yönəldilib”.

İqtisadçı-ekspert Rövşən Ağayev isə deyir ki,  büdcənin gəlirləri təsdiq olunandan 319 mln. manat, xərcləri 353 mln. manat, defisiti 34 mln. az icra olunub: “Əsas diqqət çəkən rəqəm budur ki, 2017-ci il son 15 ildə ən yüksək büdcə defisitinin qeydə alındığı maliyyə ili olub – büdcə kəsirinin məbləği 1.141 mlrd. manat olub.

Bundan əvvəl büdcə kəsirinin ən yüksək məbləği 2010-cu ildə olmuşdu – 363 mln. manat, sonra 2014-cü ildə olmuşdu – 308 mln.manat. Yeni büdcə kəsiri rekordu köhnəni 3 dəfə üstələyib”.

Vüsalə Rüstəmova

Gununsesi.info