Azərbaycan sülhməramlılarla bağlı tələb irəli sürüb -MN yeni videolar yayıb

Azərbaycan sülhməramlılarla bağlı tələb irəli sürüb


Erməni sakin: 'Atəş açdıqlarına görə əkini dayandırmalı olduq'
Erməni sakin: “Atəş açdıqlarına görə əkini dayandrımalı olduq”.
Müdafiə Nazirliyi martın 11-də yenidən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi məqsədlər üçün hərəkət edən hərbi nəqliyyat vasitələrinin videosunu yayıb.

Nazirlik bildirir ki, həmin videolarda görünən hərbi nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələri bölmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitəsidir.

“Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiəti və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.”

Məlumatda vurğulanır ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri icra etməlidir.
“Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir.”-Azərbaycanın Müdafiə Nazirliyi bildirir.

Martın 11-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bu məlumata hələki Ermənistanın eyni təyinatlı qurumundan hər hansı münasibət bildirilməyib.

Amma bu məsələ ilə bağlı bundan əvvəl yayılan məlumatı Ermənistanın Müdafiə Nazirliyi “dezinformasiya” adlandırıb

Qurum həm Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan yenidən hərbi təyinatlı daşınmaları, həm də bu yolla “Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin daşınması və rotasiyası” haqda məlumatların “yalan” olduğunu bəyan edib.

Azərbaycan Müdafiə nazirliyinin martın 11-də yaydığı digər bir xəbərdə nazirin iştirakı ilə xidməti müşavirə keçirildiyi bildirilir. Məlumatda qeyd olunduğuna görə, sözügedən müşavirədə də digər məsələlərlə yanaşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində son vaxtlar baş verən hadisələr müzakirə olunub.

“Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib.”-Nazirliyi məlumatında vurğulanır.

+++

Azərbaycan Müdafiə Nazirliyi (AMN) martın 7-də axşam saatlarında açıqlama yayaraq iki gün əvvəl silahlı insident baş verən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan yenidən hərbi təyinatlı daşınmaların olduğunu qeyd edib.

Vurğulanır ki, “Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi texniki müşahidə vasitələri ilə qeydə alınıb”:

“Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib.”

Açıqlamaya görə, qeyd edilənlər “üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır”.

AMN bildirib ki, “bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaq.”

Azərbaycanın bu açıqlamasına, hələlik, Rusiya Müdafiə Nazirliyi və başqa tərəflərin münasibəti bəlli deyil.

ABŞ: ‘Bizim maraqlarımız Ermənistan və Azərbaycanın maraqlarına uyğundur’

Martın 6-da Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Qarabağda növbəti silahlı toqquşmaya münasibət bildirib.

“Martın 5-də Dağlıq Qarabağda, bizim bildiyimiz qədər, beş nəfərin həlak olması ilə nəticələnən atışma haqqında məlumatları izləyirik”, – mətbuat katibi Ned Prays (Ned Price) brifinqdə “Turan”ın Vaşinqton müxbirinin suallarına cavab olaraq deyib.

Hadisə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bononun ilk səfəri kimi Bakıda olduğu bir vaxtda baş verib.

“Luis Bono irəliyə aparan yeganə yolun birbaşa dialoq və diplomatiya olduğunu vurğulamaq üçün gedib. Dövlət katibinin də qeyd etdiyi kimi, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”, – Prays əlavə edib.

Dövlət Departamenti sözçüsünün sözlərinə görə, Vaşinqton Moskva ilə rəqabət aparmır: “Biz bunu iki ölkə arasında çoxdan mövcud və, martın 5-də də olduğu kimi, daim həyatlara son qoyan münaqişənin həllinə nail olmaq üçün edirik. Bizim sülh, təhlükəsizlik maraqlarımız Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur”.

NATO Qarabağdakı silahlı insidentdən narahatdır

NATO Baş katibinin Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi təmsilçisi Xaviyer Kolomina (Javier Colomina) Qarabağda ötən həftəsonu baş verən silahlı insidentdən narahatlığını bildirib. İnsident nəticəsində Azərbaycanın iki hərbçisi, Qarabağda isə üç erməni polis həlak olub.

Kolomina Twitter-də rəsmi səhifəsində yazıb:

“Xankəndi/Stepanakert yaxınlığında ölümcül insident barədə məlumatlardan həddən artıq narahatıq. Bu insident danışıqlar masasında mübahisəli məsələlərin həll olunmasının vacibliyini göstərir. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

 

Bazar günü baş vermiş insidentə görə tərəflər bir-birini provokasiyada ittiham edir.

Moskva da narahatdır

Moskva da Qarabağda vəziyyətin gərginləşməsindən ciddi narahatlıq ifadə edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu haqda martın 6-da şərh verib.

“Son günlər atəşkəs rejimi dəfələrlə pozulub. Martın 5-də silahlı insidentdə həm erməni, həm də Azərbaycan tərəfdən insan itkilər olub. Tərəfləri israrla təmkinlilik göstərməyə, gərginliyin azaldılması üçün addımlar atmağa çağırırıq”, – açıqlamada vurğulanır.

Tərəfləri 2020-ci il 9 noyabr atəşkəs bəyanatına əməl etməyə çağıran Zaxarova qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizlik və həyat fəaliyyəti ilə bağlı istənilən məsələ sülh yoluyla, kontingentin himayəsi altında həll olunmalıdır.

+++

Azərbaycan Müdafiə Nazirliyi martın 6-da axşam saatlarında ondan bir gün əvvəl Qarabağda baş vermiş silahlı toqquşma ilə bağlı növbəti açıqlama yayıb.

Orada qeyd edilir ki, martın 6-da Rusiya Müdafiə Nazirliyi həmin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb.

AMN bildirir ki, həmin vaxt “operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsini Azərbaycan ordusunun bölmələri saxlayaraq yoxlamağa cəhd göstərib”.

Açıqlamaya görə, avtomobilin içərisində olan “erməni silahlı dəstəsinin üzvləri” onların hərbi qulluqçularını avtomat silahlardan atəşə tutub və nəticədə iki hərbçiləri həlak olub, biri isə yaralanıb.

Bildirildiyinə görə, “cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü” həlak olub və biri yaralanıb:

“ Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir”.

Açıqlamaya görə, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir:

“Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.

Gununsesi.info