Tərcüməçidən deputatların vahid geyim forması ilə bağlı satirik təklif

Tərcüməçi Sevil Gültən deputatlar üçün vahid geyim formasının tətbiq olunmasını təklif edib.

Gununsesi.info xəbərinə görə, o, bildirib ki, 19 il orta məktəbdə müəllim işlədiyi üçün bu mövzuda öz baxışını bölüşmək istəyib.

Onun fikrincə, deputatların vahid forması bahalı parçadan hazırlanarsa, bu həm geyim istehsalçıları üçün əlavə gəlir mənbəyi olar, həm də deputatları ictimai tədbirlərdə və televiziya proqramlarında asanlıqla tanımağa imkan verər.

Sevil Gültən qeyd edib ki, xəbərlərdə tanımadığı şəxslərin deputat kimi təqdim olunması onu tez-tez həmin şəxsin hansı seçki dairəsini təmsil etdiyini araşdırmağa vadar edir.

Tərcüməçi hesab edir ki, vahid geyim deputatların xarici səfərlərində də diqqət çəkər.

Onun sözlərinə görə, belə olan halda deputatlar alış-verişə daha az vaxt ayırar, məktəblərə baş çəkərək müəllimlərin geyimi və təhsilin keyfiyyəti ilə maraqlanarlar.

O, həmçinin deputatların Yaponiya və Finlandiya kimi ölkələrdə təhsilin yüksək səviyyədə olmasının səbəblərini araşdırmalarını, bunun müəllimlərin geyim forması ilə əlaqəsinin olub-olmadığını öyrənmələrini təklif edib.

Sevil Gültən əlavə edib ki, deputatlar başqa ölkələrdə də təhsil nazirliklərinin verdiyi diplomlara etimad məsələsini, müəllimlərin işə qəbulunda əlavə imtahanların keçirilib-keçirilmədiyini və bu imtahanların ödənişli olub-olmadığını araşdırsalar, maraqlı nəticələr əldə oluna bilər.

Elmar
Gununsesi.info