Sevinc Həbibova: "Daim təzyiq altında yaşamaq sağlamlığa zərər verir"

“İnsanların gündəlik həyatda üzləşdiyi çətinliklər təbiidir. Lakin davamlı narahatlıq və fikir çəkmək problemlərin həllinə kömək etmir, əksinə, insanın ruh halına və sağlamlığına mənfi təsir göstərir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib.

Onun sözlərinə görə, insan gün ərzində özünə kiçik sevinc anları yaratmağı bacarmalıdır. Sevdiyi geyimləri xüsusi gün üçün saxlamamaq, imkan olduqca dəniz kənarında vaxt keçirmək, təbiətlə təmasda olmaq, ayaqyalın gəzmək və suya toxunmaq kimi sadə vərdişlər insanın gərginliyini azalda bilər.

Psixoloq qeyd edib ki, hər zəngə və ya hər mesaja dərhal cavab vermək məcburiyyəti yoxdur. Bəzən insanın özünə vaxt ayırması, dincəlməsi və düşüncələrini yeniləməsi psixi sağlamlıq üçün vacibdir.

“Uzun və keyfiyyətli həyat yalnız işləmək və məsuliyyət daşımaqdan ibarət deyil. İnsan özünü daim təzyiq altında saxlamamalı, bəzən gündəlik qaydalardan kənara çıxaraq həyatdan zövq almağı da bacarmalıdır.

O vurğulayıb ki, yaxın insanlarla ünsiyyət qurmaq, birlikdə gülmək, sevinc və kədəri bölüşmək emosional dayanıqlığı gücləndirən əsas amillərdəndir. Müsbət münasibət ətrafdakılara da ötürülür və çox vaxt eyni münasibət geri qayıdır.

Psixoloq sonda əlavə edib ki, xoşbəxtlik çox uzaqda axtarılmamalıdır. İnsan gündəlik həyatında olan kiçik gözəllikləri və dəyərləri görməyi bacardıqda, özünü daha rahat, daha güvənli və daha xoşbəxt hiss edir”,-deyə psixoloq fikirlərini yekunlaşdırıb.

 

 

Şəbnəm

Gununsesi.info