Əli Kərimlinin mühafizəçinə 10 il cəza tələbi

  • Müəllif: Orxan
  • 23 İyul 2026 15:23

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalova (Basqal) 10 il cəza istənilib.

Gununsesi.info bildirir ki, iyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Babaxan Həsənəliyev bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, AXCP fəalına verilən ittihamlar – onun Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi məhkəmədə təsdiqini tapıb.

K.Basqalın vəkili Nazim Musayev isə, ümumiyyətlə, məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. Məhkəmə prosesinin gedişinə etiraz edən vəkil vurğulayıb ki, prosesin gedişində həqiqətin üzə çıxması üçün müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmadı.

O bildirib ki, axşam saatlarında məscidə gedərkən tanımadığı bir nəfər ona hücum edib. Qısa müddət onunla mübahisə edib, ardından yerə yıxılaraq qışqırmağa başlayıb və dərhal da polis gəlib.

Rəyi verən ekspertin dindirilməsi barədə vəsatət də rədd edilib.

“Hər dəfə etiraz edirik, amma nəticəsi olmur”

Vəkil N.Musayevin daha bir etirazı isə zərərçəkmiş qismində tanınan A.Rəhimovun məhkəməyə gəlməməsinə olub. Hər dəfə hakim zərərçəkmişin iştirakı olmadan prosesin davam etdirilməsi ilə bağlı fikirləri soruşur. Vəkil buna etiraz etsə də, məhkəmə prosesi davam edir: “Biz hər dəfə etiraz edirik, amma nəticəsi olmur. O zaman niyə soruşursunuz?”.

Məhkəmə istintaqı tamamlanandan sonra prokuror çıxış edərək AXCP fəalına 10 il həbs cəzası verilməsini istəyib.

Gununsesi.info