Azərbaycanın xarici siyasətində yeni əməkdaşlıq imkanları: ŞƏT ölkəmiz üçün nə vəd edir? - RƏYLƏR

Azərbaycanın xarici siyasətində yeni əməkdaşlıq imkanlarının araşdırılması mühüm yer tutur.

Prezident İlham Əliyevin müxtəlif ölkələrə səfərləri zamanı bu istiqamətdə bir sıra məsələlər müzakirə olunur. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı da diqqət çəkən məsələlərdəndir.

Bu əlaqələrin iqtisadi və siyasi sahələrlə yanaşı, yeni əməkdaşlıq imkanları yaratması gözlənilir. Son dövrdə müxtəlif dövlətlərlə münasibətlərin daha da genişləndirilməsi bu baxımdan diqqət çəkir.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr də bu prosesin bir hissəsi kimi qiymətləndirilə bilər.

Bəs ŞƏT Azərbaycan üçün nə verir? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan deputat Hikmət Babaoğlu qeyd edib ki, bu sammit özü-özlüyündə mühüm hadisədir:

“Azərbaycan Prezidenti qardaş Qırğızıstana səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Bu sammit özü-özlüyündə mühüm hadisədir. Çünki bu, həm də bir növ yubiley sammitidir.

Azərbaycan 2015-ci ildən Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaşlığına malikdir. Təşkilat dünyanın bir çox mühüm ölkələrini özündə birləşdirən böyük iqtisadi əməkdaşlıq platformasıdır.

Dünyanın ən böyük ölkələrindən Çin və Hindistan bu təşkilatda təmsil olunur. Bu, məsələnin bir tərəfidir. Bizə yaxın olan Mərkəzi Asiya ölkələri də təşkilatda təmsil olunur. Bu isə məsələnin digər tərəfidir. Eyni zamanda, qonşu ölkələrimizin bir qismi də təşkilatda müxtəlif statuslarla təmsil olunurlar.

Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatı qlobal Cənub ölkələrini özündə birləşdirən, Yaxın Şərqin bir sıra ölkələri arasında əlaqələrin qurulmasına imkan verən, Şərqi Avropaya qədər uzanan geniş coğrafiyanı əhatə edən bir qurumdur. Rusiya da bu təşkilatda təmsil olunur.

Təşkilata üzv, müşahidəçi və Azərbaycan kimi dialoq tərəfdaşı statusunda olan ölkələrin iştirakı Azərbaycanın yeni iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradır. Bu da qərarların daha tez qəbul edilməsi və əlaqələrin daha sürətli inkişafı üçün mühüm zəmin formalaşdırır”.

Gununsesi.info-ya danışan deputat Azər Allahverənov qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün çox önəmli platformadır.

“Çünki bu platformada siyasi dialoqun ən yüksək səviyyədə qurulduğunu görürük. Eyni zamanda, Avrasiya qitəsi üçün mühüm əhəmiyyət daşıyan inteqrasiya layihələri də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxından müzakirə olunur. Təşkilata üzv olan 10 ölkənin iştirakı ilə həyata keçirilən müxtəlif layihələr də bunun göstəricisidir. Bu ölkələr arasında Azərbaycan üçün strateji tərəfdaş olan Çin, Mərkəzi Asiya dövlətləri və Rusiya xüsusi yer tutur.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunda olması ölkəmiz üçün mühüm imkanlar yaradır. Çünki Azərbaycanın əsas strateji tərəfdaşlarının Avrasiya məkanında bu platformada təmsil olunması həmin dövlətlərlə birbaşa təmasların genişləndirilməsinə şərait yaradır. Eyni zamanda, təşkilatın fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq və bu çərçivədə müzakirələrdə iştirak etmək üçün imkan formalaşır.

Bu istiqamətlərdən biri də Orta Dəhliz, beynəlxalq yükdaşımalar və nəqliyyat-logistika layihələridir. Xüsusilə Şimal və Cənub nəqliyyat dəhlizlərində gedən proseslər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu isə yükdaşıma imkanlarının genişləndirilməsi üçün yeni infrastrukturun yaradılmasını və səmərəli logistika zəncirinin qurulmasını zəruri edir. Sözügedən logistika zəncirinin qurulmasında Azərbaycanın strateji tərəfdaş olduğu dövlətlər də birbaşa iştirak edir”,-deyə deputat əlavə edib.

Deputat təhlükəsizlik məsələlərinə də toxunub.

O əlavə edib ki, ekstremizm, terrorçuluq, cinayətkarlıq və rəqəmsal mühitdən yaranan müxtəlif təhdidlər ŞƏT-in gündəliyində mühüm yer tutur:

“Bununla yanaşı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və humanitar sahədə mübadilələrin genişləndirilməsi də mühüm məsələlərdəndir.

Azərbaycan üçün ŞƏT platformasının əsas üstünlüklərindən biri də ikitərəfli və çoxtərəfli görüşlər keçirmək imkanının olmasıdır. Bu görüşlərdə Azərbaycanı və tərəfdaş ölkələri düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaq, mövqeləri bölüşmək və gələcək addımları müəyyənləşdirmək mümkündür.

ŞƏT çərçivəsində Ermənistanla bağlı məsələlərin də müzakirə olunması mümkündür. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh quruculuğu, kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin bərpası bu baxımdan diqqət çəkir. Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması, eləcə də Ermənistana kommersiya məqsədilə idxal olunan benzin, dizel yanacağı və digər məhsullar regionda qarşılıqlı əlaqələrin artıq müəyyən səviyyədə mövcud olduğunu göstərir.

Bu baxımdan kommunikasiyaların açılması birtərəfli proses ola bilməz. Ermənistan da öz üzərinə düşən öhdəliklərə uyğun olaraq konkret addımlar atmalıdır. Logistika və kommunikasiya zəncirinin tam şəkildə qurulması qarşılıqlı addımlar tələb edir. Sülh quruculuğu prosesinin davamlı olması üçün hər iki tərəfin konkret və ardıcıl addımlar atması vacibdir. Hesab edirəm ki, bu məsələlər də ŞƏT çərçivəsində aparılan təmasların mümkün müzakirə mövzularından biri ola bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info