Saakaşvili Qaribaşvili ilə bağlı sərt açıqlamalar verdi: "Qaribaşvili yaratdığı sistemin qurbanına çevrilib"

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 16:03

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında həbsxanada olduğu dövrdə baş verən hadisələrdən danışıb.

Gununsesi.info xəbər verir ki, o, İrakli Qaribaşvilinin həmin dövrdə verdiyi qərarların sonradan özünə qarşı problem yaradacağını bildirib.

“Mən həbs olunduğum zaman Gürcüstan həbsxanalarında hələ də Londa Tolorayanın rəhbərlik etdiyi Müfəttişlik və Xalq Müdafiəçisi Nino Lomjariyanın sədrlik etdiyi müstəqil tibbi şura kimi nisbətən müstəqil qurumlar fəaliyyət göstərirdi.

Rustavidən Qldaniyə köçürüldüyüm zaman beş gün ərzində mənim üçün xüsusi olaraq hazırlanmış “xəstəxanaya” aparıldım. Köçürülmə zamanı və sonrakı günlərdə döyüldüm, məhbuslarla qarşıdurmaya salındım. Kameramda daima təzyiq altında saxlanılırdım. Tolorayanın rəhbərlik etdiyi xidmət hadisəyə müdaxilə etdi və xəsarətlərimi sənədləşdirən, cırılmış paltarlarımı götürən, ifadələrimi qeydə alan müstəntiqlər göndərdi. Bununla da işgəncə və qeyri-insani rəftarla bağlı təkzibolunmaz sübutlar yaradıldı.

Bu hadisədən bir həftə sonra Qaribaşvilinin göstərişi ilə qanun dəyişdirildi, Tolorayanın rəhbərlik etdiyi xidmət ləğv edildi və toplanmış sübutlar məhv edildi.

Xidmət ləğv edildikdən qısa müddət sonra zəhərləndim. Lakin bu hadisəni araşdıran heç kim olmadı. Bunun əvəzinə Nino Lomjaria qanunla ona verilən səlahiyyətdən istifadə edərək səhhətimlə bağlı vəziyyəti araşdırmaq üçün müstəqil şura yaratdı. O, şuraya tanınmış və nüfuzlu gürcü həkimlərini daxil etdi.

Şura həyəcan təbili çaldı, ictimai kampaniya başladı və onların təzyiqi nəticəsində həbsxanadan klinikaya köçürüldüm.

Avropa İttifaqının tələbi ilə Polşa həkimlərinin həbsxanaya daxil olmasına icazə verildi. Onlar ölkədən gedərkən dırnaq və saç nümunələrimi götürdülər. Bu addımın da Qaribaşvilinin göstərişi ilə atıldığını və məqsədin zəhərlənmə ilə bağlı həqiqətin üzə çıxmasına mane olmaq olduğunu düşünürəm.

Tezliklə Nino Lomjariyanın səlahiyyət müddəti başa çatdı. Qaribaşvilinin təşəbbüsü ilə onun yerinə Levan İoseliani təyin edildi. Nəticədə tibbi şura tamamilə fərqli heyətlə formalaşdırıldı.

Beləliklə, Qaribaşviliyə həbsxanada pis rəftar edilərsə, bunu araşdıracaq heç kim olmayacaq. Əgər onun özü zəhərlənərsə, bunu sübut edəcək müstəqil qurum da olmayacaq.

Qaribaşvili mənim üzərimdən gürcü və xarici parlamentarilərin həbsxanaya girişini də ləğv etdi. Buna görə də heç kim onun yanına buraxılmayacaq. O, açıq şəkildə xəstələnsə belə, keçmiş həmkarları onu vəziyyətini şişirtməkdə ittiham edə bilərlər.

Tam mənzərəni göstərmək üçün onu da əlavə edək ki, məhz mənimlə bağlı olaraq Qaribaşvili həbsxanaya ərzaq bağlamalarının gətirilməsini qadağan etmişdi. Hazırda buna yalnız ayda iki dəfə icazə verilir. Buna görə də o, həbsxananı ərzaqla təmin etməli olacaq.

Qaribaşvili yaratdığı sistemin qurbanına çevrilib. Necə ki, Yaqoda, Yejov və Beriya qurduqları repressiya sisteminin qurbanı oldular.

Buna baxmayaraq, Qaribaşvili tezliklə susdurulacaq, əmlakı müsadirə olunacaq, ailə üzvləri daha da alçaldılacaq və hətta səsini də itirəcək.

Bütün “Kotsilər” zəifdir, lakin Qaribaşvili artıq diktaturaya böyük ziyan vurub”.

 

 

Afət

Gununsesi.info