Politoloq Turan Rzayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrinə səfərini şərh edib.
Gununsesi.info -nun xəbərinə görə, Rzayev qeyd edib ki, səfərin ən diqqətçəkən məqamlarından biri dövlət başçısı və birinci xanımın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanmış pilotsuz dəniz vasitələri ilə tanış olmasıdır.
Politoloqun sözlərinə görə, SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətlərinin dövlət başçısına təqdim olunması Azərbaycanın pilotsuz texnologiyalara marağının yeni mərhələsindən xəbər verir.
“Əslində, Azərbaycanın pilotsuz texnologiyalara marağı yeni deyil. Son illərdə Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə edən ordulardan birinə çevrilib. 44 günlük Vətən müharibəsi və daha sonra lokal xarakterli antiterror əməliyyatları zamanı pilotsuz sistemlərdən istifadə ordunun kəşfiyyat, müşahidə və zərbə imkanlarının artırılmasında mühüm rol oynayıb”, – deyə Rzayev bildirib.
O vurğulayıb ki, Azərbaycan indi bu təcrübəni dəniz sahəsinə daşımağa çalışır.
“Xəzər dənizində hazırda konkret hərbi qarşıdurma və ya müharibə təhlükəsi yoxdur. Lakin bu, Azərbaycanın dənizdən müdafiə imkanlarının inkişaf etdirilməsini strateji baxımdan əhəmiyyətsiz etmir”, – politoloq qeyd edib.
Turan Rzayevin fikrincə, Xəzərdə Azərbaycanın strateji obyektlərinin, enerji infrastrukturunun və dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin olunması baxımından Hərbi Dəniz Qüvvələrinin inkişafı mühüm məsələlərdəndir.
Politoloq bildirib ki, klassik hərbi donanmanın saxlanılması böyük maliyyə və insan resursları tələb edir.
Onun sözlərinə görə, hərbi gəmilərin alınması, istismarı, texniki xidməti və peşəkar şəxsi heyətin hazırlanması uzunmüddətli və bahalı prosesdir.
“Pilotsuz dəniz vasitələri isə bu mənzərəni müəyyən qədər dəyişə bilər. Daha az şəxsi heyətlə idarə olunan, müxtəlif kəşfiyyat və müşahidə imkanlarına malik, lazım gəldikdə zərbə funksiyası daşıya bilən belə sistemlər gələcəyin dəniz müharibəsində mühüm rol oynaya bilər”, – siyasi şərhçi vurğulayıb.
O, Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrində pilotsuz dəniz vasitələri ilə şəxsən tanış olmasını da diqqətçəkən məqam kimi qiymətləndirib.
Orxan
Gununsesi.info












