“QHT işi” üzrə 8 il müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Asəf Əhmədovun apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info xəbər verir ki, sentyabrın 1-də Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Məhkəmədə müdafiə tərəfi Əhmədovun təqsirləndirildiyi maddələrdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatdığını diqqətə çatdırıb. Lakin məhkəmə həmin maddə üzrə də birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişməyib.
Qeyd edək ki, Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin ilin aprelində Asəf Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bağlı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü, 193-1.3.2-ci, 308.1-ci və 313-cü maddələri ilə ittiham irəli sürülüb.












