Minimum maaş 700 manat olmalıdır – İqtisadçıdan maraqlı İZAH

  • Müəllif: Orxan
  • 17 Oktyabr 2026 09:21

Azərbaycanda əmək bazarının cari vəziyyətini əks etdirən rəsmi rəqəmlər iqtisadiyyatdakı dinamikanı aydın nümayiş etdirir. Son məlumatlara görə, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1173 manat təşkil edib.

Məsələylə bağlı iqtisadçı Əkrəm Həsənov Gununsesi.info-ya danışıb. Onun sözlərinə görə orta aylıq əmək haqqında hər il artım müşahidə olunur.

“Bu artımlar nominal artım hesab olunur. Çünki Mərkəzi Bank konservativ yolla qiymət artımı və inflyasiyanı nəzərə alaraq hesablayır. Maaş artımı da inflyasiya artımına uyğundur.
Azərbaycanda 20 min manat maaş alan da var, 450 manat maaş alan da. Əsasən ən yüksək maaşlar və maaş artımları da, dövlət şirkətlərinə aiddir. SOCAR, Beynəlxalq Bank, publik hüquqi şəxslər bu kateqoriyaya daxildir.
Dövlət orqanlarında da əməkhaqqı yeterincədir. Deputatlar, həkimlərin əmək haqlarında artımlar müşahidə olunur”.

Əkrəm Həsənov Avropa Xartiyasında əməkhaqqı ilə bağlı məsələyədə toxunub.

“Avropa Xartiyasında göstərilib ki, minimal əməkhaqqı ölkənin əməkhaqqının 60 faizindən az olmamalıdır. Orta aylıq gəlir 1173 manat olaraq qeydə alınırsa, minimal əmək haqqı da 700 manatdan az olmamalıdır. Ancaq bizdə orta aylıq gəlir 1173 manat, minimum gəlir isə 400 manat olaraq hesablanır”.

Gununsesi.info