Yaşlı valideynlərin maddi təminatı ilə bağlı məsələlər cəmiyyətdə tez-tez müzakirə olunmasa da, problem olaraq qalır.
Məsələn, övlad işləyirsə, lakin maddi yardıma ehtiyacı olan valideyninə kömək etməkdən imtina edirsə, qanun bu halda nə deyir?
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, əmək qabiliyyətli və yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
Qanunvericiliyə görə, valideynlə övlad arasında aliment ödənilməsi barədə razılaşma olmadıqda, valideyn məhkəməyə müraciət edərək aliment tələb edə bilər.
Alimentin məbləği məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, eləcə də digər əhəmiyyətli hallar nəzərə alınmaqla müəyyən edilir.
Məcəlləyə əsasən, məhkəmə alimentin məbləğini müəyyənləşdirərkən valideynin əmək qabiliyyətli və yetkinlik yaşına çatmış bütün övladlarını nəzərə ala bilər. Bu o deməkdir ki, valideynin təminatı ilə bağlı məsuliyyət yalnız bir övladın üzərinə qoyulmaya bilər.
Bununla yanaşı, qanunvericilikdə istisnalar da nəzərdə tutulur. Valideynin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən edilərsə, övlad bu öhdəlikdən azad oluna bilər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynə isə övlad aliment ödəməkdən azaddır.
Beləliklə, Azərbaycanda övladın valideyninə maddi dəstək göstərməsi yalnız mənəvi məsuliyyət məsələsi deyil. Qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda, bu, məhkəmə qaydasında tələb edilə bilən hüquqi öhdəlikdir.
Orxan
Gununsesi.info










