Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən ümumilikdə 79 min 89 manat tələb edir.
Gununsesi.info xəbər verir ki, qurumun nümayəndəsi oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bununla bağlı mülki iddia qaldırıb.
İş üzrə həbsdə olan 12 nəfərin məhkəməsinə hakim Zaur Hacıyevin sədrlik etdiyi kollegiya baxır. Təqsirləndirilən şəxslərin ifadələri başa çatdıqdan sonra şahidlərin dindirilməsinə başlanıb.
Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova bildirib ki, tələb olunan 79 min 89 manatın 12 nəfər arasında necə bölünməsinin əhəmiyyəti yoxdur və əsas məsələ ümumi məbləğin ödənilməsidir.
Onun sözlərinə görə, məbləğ Bakı Şəhər Baş Polis İdarəsinin göndərdiyi materiallar əsasında audit şöbəsi tərəfindən hesablanıb və tələb qrant müqavilələri ilə əlaqələndirilib.
Vəkillər isə qrantların ianə olduğunu və qanunvericiliyə əsasən ianələrin mənfəət vergisindən azad edildiyini bildiriblər.
Qeyd edək ki, “Meydan TV işi” üzrə ilk həbslər 2024-cü ilin dekabrında başlayıb.
Sonradan iş üzrə həbs olunanların sayı 12-yə çatıb və ittihamlar yeddi maddə üzrə irəli sürülüb.
Jurnalistlər sözügedın ittihamları qəbul etmir.












