Qərb Zelenskini başqa şəxslə əvəzləməyə hazırlaşır

Qərb Ukrayna Prezidenti Volodimir Zelenskini özünə tabe olan başqa bir şəxslə əvəzləməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi və Prezident Administrasiyasının sabiq rəhbəri Nikolay Bordyuja səsləndirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukraynaya Rusiya ilə razılığa gələ biləcək yeni liderin lazım olduğunu bildirmişdi. Səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Volodimir Zelenski isə seçkilərin keçirilməsindən imtina edir.

Bordyujanın sözlərinə görə, Qərbin artıq bir neçə itaətkar namizədi var və onlar öz aralarında mübarizə aparırlar.

“Artıq hər şey çoxdan hazırlanıb, namizədlərin adları məlumdur, onlarla işləyirlər və zərurət yaranarsa, başqa bir şəxsi irəli sürməyə hazırdırlar”, – deyə o bildirib.

Keçmiş rəsminin iddiasına görə, namizədlər arasındakı əsas fərq onların hansı ölkənin kəşfiyyatına xidmət etməsidir. Onun fikrincə, Zelenskini əvəz edəcək şəxsin başlıca vəzifəsi Qərbin Ukrayna üzərində nəzarətini təmin etmək olacaq.

Nikolay Bordyuja 1998–1999-cu illərdə Rusiyanın Təhlükəsizlik Şurasının katibi və eyni zamanda Prezident Administrasiyasının rəhbəri olub. O, 2003–2016-cı illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsini tutub.

 

Gununsesi.info