“Manilada keçirilən Rubio-Lavrov görüşü göstərdi ki, Ukrayna müharibəsinin gələcəyi daha çox cəbhədə formalaşan vəziyyətdən asılı olaraq qalır”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı deyib:
“Vaşinqton hesab edir ki, Ankoric danışıqlarından sonra cəbhədə yeni reallıq yaranıb. ABŞ rəsmilərinin fikrincə, Ukrayna bəzi istiqamətlərdə mövqelərini gücləndirib. Bununla yanaşı, ABŞ administrasiyası Rusiyanı yaxın müddətdə ciddi siyasi güzəştlərə məcbur edəcək hərbi dəyişikliklərin baş verməsini də real hesab etmir.
Moskva isə nəzarət etdiyi ərazilərdən geri çəkilmək niyyətində olmadığını bildirir və həmin bölgələri danışıq mövzusu kimi qəbul etmir. Kiyev isə ərazi bütövlüyünün bərpasını sülhün əsas şərti sayır. Bu səbəbdən tərəflərin ortaq mövqeyə gəlməsi hələ də mümkün görünmür.
Rubionun “yeni ideyalar və yeni uzlaşma mexanizmləri” barədə açıqlaması ABŞ-ın əvvəlki vasitəçilik modelinin gözlənilən nəticəni vermədiyini göstərir. Lakin hazırkı şəraitdə nə Moskva, nə də Kiyev əsas mövqelərindən geri çəkilməyə hazır görünür.
Bu səbəbdən yaxın perspektivdə hərbi vəziyyət köklü şəkildə dəyişmədiyi müddətdə, hər iki tərəfi qane edəcək siyasi razılaşmanın əldə olunması çətin olaraq qalır. Bununla belə, müharibənin uzanması bütün tərəflər üçün siyasi, iqtisadi və hərbi yükü artırdığından, gələcəkdə yeni danışıq imkanlarının yaranması istisna edilmir”.
Şəbnəm












