Cənubi Koreya “SK Hynix” şirkətinin baş direktorunun xəyanət etirafı ilə başlayan 10 illik məhkəmə dastanı ölkə tarixində rekord qıran maliyyə razılaşması ilə başa çatıb.
Gununsesi.info xəbər verir ki, məhkəmənin qərarına görə, “SK Hynix” şirkətinin rəhbəri Çe Te Von keçmiş həyat yoldaşı No So Yona təxminən 644 milyon dollar (944 milyard von) kompensasiya ödəməlidir.
Seul Ali Məhkəməsinin qərarı ölkə tarixində “əsrin boşanması” adlandırılan 10 illik məhkəmə çəkişməsinə son qoyub.
Bu, Cənubi Koreya məhkəmə tarixində boşanma ilə bağlı verilmiş ən böyük maliyyə kompensasiyası hesab olunur.
No So Yon Cənubi Koreyanın sabiq prezidenti No Te Unun qızıdır. O, Çe Te Vonla 34 il evli olub.
Məhkəmənin qərarı 2022-ci ildə aşağı instansiyanın çıxardığı hökmdən xeyli fərqlənir. Həmin vaxt No So Yona 66,5 milyard von kompensasiya təyin edilmişdi. Son illərdə süni intellekt texnologiyalarına artan qlobal tələbat nəticəsində “SK Hynix”in bazar dəyərinin təxminən 2500 faiz artması kompensasiyanın da rekord həddə yüksəlməsinə səbəb olub.
“Bloomberg”in qiymətləndirməsinə görə, ödəniləcək məbləğ Çe Te Vonun təxminən 5,6 milyard dollarlıq sərvətinin 12 faizinə bərabərdir.
Məhkəmə biznesmenə kompensasiyanı pul şəklində ödəməyə icazə verib. Bu isə onun “SK Hynix”dəki səhmlərini satmadan şirkət üzərində nəzarətini qorumasına imkan yaradır.
Ekspertlər hesab edirlər ki, Çe Te Von kompensasiyanı ödəmək üçün qeyri-əsas aktivlərdəki paylarını sata və ya səhmlərini girov qoyaraq kredit götürə bilər.
Qeyd edək ki, ailənin dağılması 2015-ci ildə Çe Te Vonun qəzetdə dərc etdirdiyi açıq məktubla başlamışdı. O, həmin məktubda nikahdankənar münasibətini və bu əlaqədən övladının olduğunu etiraf etmişdi.










