“İkihakimiyyətlilik rəsmiləşəcək və “Qarabağ klanı” arasında mübarizə şiddətlənəcək” - POLİTOLOQ

  • Müəllif: admin
  • 27 Mart 2017 13:11
Ilqar Valizadeh
Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra ölkədə  ikihakimiyyətlilik rəsmiləşəcək və “Qarabağ klanı” arasında mübarizə daha da şiddətlənəcək.
 Bunu Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar  Vəlizadə  deyib.
 O, ilk öncə deyib ki, Ermənistndakı parlament seçkiləri konstitutsion islahatlardan sonra keçirilən ilk seçki olduğundan, ölkədəki siyasi qüvvələr üçün mühüm əhəmiyyət kəsb edir.
“Çünki konstitusion islahatlara əsasən ölkə parlamentli idarəetmə sisteminə keçib və bütün siyasi qüvvələr var gücü ilə bu oyunda uğur əldə etmək üçün imkanlarından istifadə edirlər”-deyə, politoloq vurğulayıb.
 Həftənin sonunda keçiriləcək parlament seçkilərində daha çox hansı siyasi qüvvələrin şanslı olduğuna gəldikdə İ. Vəlizadə deyib ki, daha çox eks-prezident robert Köçəryana yaxın kadrlar və siyasi qüvvələr öz aktivliyi ilə seçilir.
“Düzdür, bundan başqa digər şanslı qüvvələr var, ancaq əsas mübarizə Robert Köçəryanın  dəstəsi ilə Serj Sərkisyan komandası arasında gedəcək. Digər qüvvələr burada  yardımçı rolunu oynayacaq”- deyə, o, bildirib.
Politoloq hesab edir ki, əsas mübarizə parlament seçkilərindən sonra başlayacaq.
“Hakimiyyət necə bölüşdürülsün, bax, əsas  mübarizə o zaman  başlaycaq. Sərkisyan  hökumətin foralaşmasında  mövqelərini itirsə də, hər vəchlə ən azından öz prezident kürsüsünü  növbəti prezident seçkilərinə qədər qoruyub-saxlamağa çalışacaq. Bunun üçün o,  bütün imkanlardan istifadə edib rəqiblərini  ya neytrallaşdırmağa, ya da nüfuzdan salmaqla zərərsizləşdirməyə çalışacaq”- deyə, politoloq vurğulayıb.
Kocharyan-sargsyan
 İ. Vəlizadə birmənalı olaraq bildirib ki, seçkidən sonra  Ermənistanda  ikihakimiyyətlilik  rəsmiləşəcək:
“Çünki baş nazir postunu tutacaq adam  Serj Sərkisyanın komandasının adamı olmayacaq. Seçkidən sonra Robert Köçəryanın adamı baş nazir olacaq, elə yəqin ki,  Köçəryanın kadrı olan Karen Karapetyan baş nazir  kürsüsünü qoruyub-saxlayacaq. Və hər şey də bundan sonra başlayacaq.
Hakimiyyətdə nüfuz uğrunda mübarizə  şiddətlənəcək. Necə deyərlər, hakimiyyətdəki “Qarabağ klanı” arasında mübarizə daha da şiddətli  mərhələyə qədəm qoyacaq. Əgər Serj Sərkisyan özünü proseslərə uyğun olaraq adekvat aparmasa, o zaman hətta, vaxtından öncə prezident seçkiləri də  baş tuta bilər. Hər şey Sərkisyan komandasının davranışından asılı olacaq”.
İ. Vəlizadənin fikrincə, Sərkisyan komandası nüfuzunu tamamilə xərclədiyindən öz mövqeyini saxlamaq üçün seçkidə saxtakarlığa, qanunsuzluqlara əl atmaq zorunda qalacaq:
“Ona görə də biz bazar günü keçiriləcək seçkilərin qalmaqallı olacağını indidən proqnozlaşdıra bilərik. Çünki   Sərkisyanın rəqibləri də bunu bildiyindən müqavimət gösətərəcək və onun seçkiyə müdaxiləsini minimuma endirməyə çalışacaq. Bu da istər-istəməz ölkədə ictimai-siyasi proseslərin gərginləşməsinə yol açacaq”.
putin sarkisyan
Moskvanın Sərkisyana dəstəyinə gəldikdə isə İ. Vəlizadə deyib ki, Kreml onun hakimiyyətdə qalmasına müəyyən mənada dəstək verəcək:
“Ancaq onu da anlamaq lazımdır ki, Moskva oyunlarını tam da Sərkisyan komandasının üzərində qurmayıb və onun tam tərəfdarı deyil. Moskva bilir ki, Ermənistanda hakimiyyətə gələn qüvvə onunku olacaq. Və ona görə də Sərkisyana elə də bel bağlamır.  Moskva kim daha güclü olacaqsa, onu dəstəkləmək yolunu tutub”.
Mürtəza
Gununsesi.info