Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə məktəblərdə vahid geyim qaydaları ilə bağlı mövqeyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, partiya sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“12 oktyabr 2026-cı il tarixində məktəbli geyimləri və təhsil müəssisələrində vahid geyim qaydaları ilə bağlı mövqeyimi ictimaiyyətlə bölüşmüş, məsələnin mahiyyətini ətraflı şəkildə izah etmişəm. Bununla belə, təəssüf ki, mövzu ətrafında hələ də müxtəlif manipulyativ fikirlər səsləndirilir, cəmiyyətdə süni narahatlıq yaratmağa yönələn yanaşmalar davam edir. Eyni zamanda, mövqeyimizə görə müəyyən qüvvələr tərəfindən təzyiq və təhdid xarakterli münasibətlərlə üzləşirik.
Bir daha bəyan edirəm ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərarların və müəyyənləşdirdiyi qanuni qaydaların arxasındayıq. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi dini inanclara qarşı yönəlmiş addım deyil. Burada əsas məqsəd dünyəvi təhsil prinsiplərinin qorunması, bütün şagirdlər üçün vahid, nizamlı və sağlam təhsil mühitinin formalaşdırılmasıdır.
Bu kontekstdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarını da qeyd etmək vacibdir. Həmin qərarla dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq edilib. Dövlətin təhsil sahəsində müəyyən etdiyi qaydalara hüquqi çərçivədə yanaşılmalı, bu məsələlər manipulyasiya və süni qarşıdurma predmetinə çevrilməməlidir.
Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı qanunla qorunur. Lakin dini inancların qorunması ilə ümumi təhsil müəssisələrində müəyyən edilmiş qaydalara riayət olunması fərqli məsələlərdir. Bu iki anlayışı qarşı-qarşıya qoymaq, xüsusilə uşaqların və gənclərin dünyagörüşünə təsir göstərmək cəhdləri yolverilməzdir. Xarici qüvvələrin və müxtəlif ideoloji mərkəzlərin bu kimi həssas mövzulardan istifadə edərək cəmiyyətdə fikir ayrılığı və qarşıdurma yaratmaq cəhdlərinə qarşı diqqətli olmalıyıq.
Heç bir təzyiq və təhdid dövlətimizin qanuni qərarlarına münasibətimizi dəyişə bilməz. AMİP sədri olaraq mövqeyimi bir daha açıq şəkildə ifadə edirəm: dövlətçilik prinsiplərinin, qanunun aliliyinin və dünyəvi təhsil sisteminin qorunması məsələsində qətiyyətli mövqedəyik. Cəmiyyəti bu mövzuda təxribatçı yanaşmalara deyil, hüquqi əsaslara, sağlam düşüncəyə və milli maraqlarımıza uyğun mövqeyə əsaslanmağa çağırıram”.











