Biznes TV bağlanır? - KANALDA KÜTLƏVİ İXTİSARLAR

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 19:20

Azərbaycanda ixtisaslaşmış biznes mediasının maliyyə dayanıqlılığı ilə bağlı çətinliklər yaranıb.

Gununsesi.info  xəbər verir ki, Biznes TV gündəlik 24 saatlıq yayımını davam etdirmək və mövcud xərclərini qarşılamaq baxımından ciddi maliyyə çətinlikləri ilə üzləşib.

Bu barədə Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədovun açıqlamasında bildirilib. Qeyd olunub ki, televiziyanın gəlirləri mövcud xərcləri qarşılamaqda çətinlik yaratdığı üçün əməkdaşların bir hissəsinin işdən ayrılması ilə bağlı ağır qərarlar qəbul edilib.

Hikmət Məmmədov hesab edir ki, yaranmış vəziyyət təkcə bir media qurumunun maliyyə problemi kimi qiymətləndirilməməli, Azərbaycanda ixtisaslaşmış medianın iqtisadi imkanları və reklam bazarının vəziyyəti daha geniş müstəvidə müzakirə olunmalıdır.

Onun sözlərinə görə, Biznes TV sahibkarların fəaliyyətini işıqlandıran, iqtisadi proseslər barədə məlumat verən və biznes ictimaiyyəti ilə cəmiyyət arasında əlaqə yaradan ixtisaslaşmış media platformasıdır.

“Biznes TV sahibkarlığın inkişafına, iqtisadi məlumatlılığın artırılmasına və biznes ictimaiyyətinin fəaliyyətinin işıqlandırılmasına xidmət edir. Biz 24 saat yayım həyata keçiririk və qısa müddətdə rəqəmsal platformalarda əhəmiyyətli auditoriya toplamışıq. Lakin auditoriyanın olması öz-özlüyündə televiziyanın fəaliyyətini maliyyələşdirmir. Bunun üçün dayanıqlı reklam və müxtəlif gəlir mənbələri lazımdır”, – deyə Hikmət Məmmədov bildirib.

Açıqlamada Azərbaycanın televiziya reklam bazarının həcminə də diqqət çəkilib. Bildirilib ki, 2023-cü ildə Azərbaycanda televiziya reklamından əldə olunan gəlir 22,38 milyon manat, yaxud 13,2 milyon ABŞ dolları təşkil edib. Gürcüstanda isə həmin il yayımçıların reklam gəlirləri 87,4 milyon lari, yəni təxminən 32–33 milyon ABŞ dolları olub.

Məlumatda qeyd edilir ki, dollar ifadəsində Gürcüstanın televiziya reklam bazarı Azərbaycanın müvafiq bazarından təxminən 2,5 dəfə böyük olub.

Hikmət Məmmədovun fikrincə, bu göstəricilər Azərbaycanda ixtisaslaşmış media qurumlarının üzləşdiyi maliyyə çətinliklərini və alternativ gəlir mənbələrinin yaradılmasının vacibliyini gündəmə gətirir.

Biznes TV rəhbəri beynəlxalq təcrübənin də ixtisaslaşmış medianın maliyyələşməsində müxtəlif mənbələrin əhəmiyyətini göstərdiyini vurğulayıb.

Açıqlamada dünyanın aparıcı media qurumlarından biri olan “Bloomberg Media”nın gəlir modelinə nümunə kimi istinad edilib. Bildirilib ki, bu model reklam və sponsorluqla yanaşı, abunəliklər, tədbirlər, lisenziyalaşdırma və müxtəlif tərəfdaşlıqları da əhatə edir.

Hikmət Məmmədovun sözlərinə görə, yalnız auditoriya toplamaq və reklam yerləşdirməklə kifayətlənmək olmaz. İxtisaslaşmış medianın davamlı fəaliyyəti üçün müxtəlif gəlir mənbələrini birləşdirən iqtisadi model formalaşdırılmalıdır.

O qeyd edib ki, biznes mediasının fəaliyyəti sahibkarlıq mühitinin inkişafı, iqtisadi maarifləndirmə və biznes təşəbbüslərinin təşviqi baxımından əhəmiyyətlidir.

“Biznesin inkişafı üçün sahibkarlar, maliyyə sektoru, dövlət qurumları və media arasında əməkdaşlıq vacibdir. Biznes TV bu əməkdaşlığın bir hissəsi olmağa və tərəfdaşlarına real kommunikasiya dəyəri yaratmağa hazırdır. İnanırıq ki, ixtisaslaşmış biznes mediasının davamlılığına yaradılan şərait həm televiziyanın fəaliyyətinə, həm də ölkənin sahibkarlıq mühitinə fayda verə bilər”, – deyə Hikmət Məmmədov vurğulayıb.

Bildirilib ki, Biznes TV fəaliyyətini davam etdirmək, auditoriyasını genişləndirmək və Azərbaycanın biznes mediasının inkişafına töhfə vermək niyyətindədir.

Gununsesi.info