Məcburi köçkünlər adından  6 milyard manatlıq korrupsiya - ARAŞDIRMA

  • By admin
  • 04 Aprel 2017 15:17

kockun

İndi qaçqınların cəmi 11 faizi normal mənzillərlə təmin olunub. Əksəriyyəti isə hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır. Onlar burada bir çox sosial problemlərlə üzləşirlər, işsizlik, təhsil və səhiyyə xidmətlərindən istifadə səviyyəsi ürəkaçan vəziyyətdə deyil. Nopoliticalprisoners.org-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, dövlət tərəfindən ayrılan xərclər barədə geniş araşdırma yer alıb.

Gununsesi.info xəbər verir ki, həmin araşdırmaya görə, 1.2 milyon məcburi köçkünün yalnız 50 min ailənin və ya  250 mininin mənzil şəraiti yaxşılaşıb. Ümumiyyətlə, 2001-2016-cı  illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 95 müasir qəsəbə salınıb.

Araşdırmada qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il Fərmanı ilə məcburi köçkün ailələrinə verilən güzəştlər ləğv edildi.

Fevralın 14-də yenidən imzalanan fərmana əsasən, keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda yaşayan məcburi köçkünlərə fərdi qaydada sayğacların quraşdırılması dayandırılaraq, yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq. Belə olan halda, məhz həmin məcbur köçkünlər 36 manat deyil,  20 manat müavinət alacaqlar.

Mərhələlərlə güzəştləri ləğv edən hökumət hesab edir ki, ötən müddət ərzində məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşıb və kommunal haqlarını ödəmək iqtidarındadırlar. Reallıqda isə, hazırda dövlət büdcəsinin gəlirlərində sıxıntılar yaşandığı üçün 1 milyondan artıq məcburi köçkünə sosial yardım ayrılmasının çətinlikləri yaranıb. Bunun üçün büdcəyə nə qədər yük düşür?

Dövlət büdcəsindən yemək xərcləri üçün ayrılan müavinətlər, kommunal xərclərə və soba yanacağına ayrılan xərclər ;

(Cədvəl 1. Milyon manatla)

cedvel1

Yazıda qeyd olunur ki, dövlət büdcəsi sənədlərini incələdikdə, 2015-ci ildən başlayaraq məcburi köçkünlərə sosial vəziyyətinin yaxşılaşması üçün ayrılan xərclər kəskin azalıb. Məsələn, onların sosial yaşayışının qarşılanması üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsinə  2015-ci ildə 218,7 milyon manat ayrılmışdısa,  2016-ci ildə (gözlənilən icra) 202 milyon manat ayırlıb.  2017-ci ildə isə 177,5 milyon manat ayrılması proqnozlaşdırılır. Təbii ki, cari ildə güzəştlərin ləğv olunduğunu nəzərə alsaq, proqnozlaşdırılan büdcənin tam icra olunub-olunmayacağı sual altındadır.  Məsələnin ən maraqlı tərəflərindən biri isə, əvvəlki illərdə məcbur köçkünlərin sayının azalmadığı halda,  müavinətlər və sosial güzəştlər üçün ayrılan vəsaitlərin ümumi məbləğinin azalmasıdır.

2014-2017- ci illər ərzində kommunal və kommunikasiya xidmətlərinə ayrılan vəsaitlər aşağıdakı cədvəldə qeyd olunub.

(Cədvəl 2.)

cedvel2

Cədvəldən göründüyü kimi, hökumət cari ildə kommunal xərclərini əvvəlki ilə nisbətən 33.6 milyon manat ixtisar edib.  Dövlət büdcəsində qaçqınlara və məcburi köçkünlərə ayrılan müavinətlər isə aşağıdakı kimidir:

2014-cü ildə – 118,1 milyon manat,

2015-ci ildə -117,8 milyon manat

2016-cı ildə (- gözlənilən icra) 108.6 milyon manat. (proqnoz isə 120.6 milyon manatdır)

2017-ci ildə (proqnoz)- 117.1 milyon manat həcmində müavinət ayrılması nəzərdə tutulub.

Hesablama Palatasının dövlət büdcəsindən 2014-2016-ci illər üzrə apardığı yoxlamalardan məlum olur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhz  sosial ödənişlər üzrə böyük yeyintiyə yol verib. Məcburi köçkünlərin adından kommunal xidmətlər üzrə artıq sərfiyyat yazaraq, habelə abonentlərin sayını artıraraq büdcədən əlavə vəsaitlər “oğurlayıblar”.

Qeyd edək ki, rəsmi olaraq Dağlıq Qarabağ müharibəsinin 1.2 milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb olduğu göstərilir.  Məcbiri köçkünlərin böyük əksəriyyəti uzun illər yarımçıq tikililərdə, şəhər və rayonlarindakı məktəblərdə, təmir edilməsi mümkün olmayan və qəza vəziyyətində olan ictimai binalarda, yataqxanalarda,  həmçinin Bakı, Sumqayıt və digər şəhər və rayon ərazilərində başqa vətəndaşlara məxsus mənzillərdə, uzun illər çadır düşərgələrində, eləcə  də  dəmir  yolu  üzərindəki  yük vaqonlarında məskunlaşıblar.

2004—cü ildə qəbul olunan Dövlət Proqramına görə, qaçqınların və məcburi   köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədilə Strategiya qəbul olunub. Təbii ki, proqrama görə, sosial-yaşayış şəraiti yaxşılaşdıqca, dövlətdən ayrılan yardımlar da azalmalıdır.

“Qaçqınkom”un hesabatına görə, 1993- 2016-cü illər qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 6 milyard manatdan çox vəsait sərf olunub. Həmin vəsaitlər 3 yöndən ayrılıb: 1.Dövlət büdcəsi, 2.Dövlət Neft Fondu, 3. Beynəlxalq maliyyə qurumları və humanitar təşkilatlar.

Ondan təqribən;

1.2,9 milyard manatı dövlət büdcəsinin payına düşür.

2.Dövlət Neft Fondundan 2001-ci ildən 01.10.2016 tarixinədək olan dövr ərzində bu layihə üzrə tədbirlərə Fonddan ümumilikdə 1 981,5 milyon manat ayrılıb. Ayrılmış ümümi vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış məhəllələri və qəsəbələri salınıb.

3.1,082 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitləri təşkil edir.

2015-ci ildən başlayaraq, bu sahədə sosial xərclər kimi investisiya xərclərində də azalmalar müşahidə edilir.  Məsələn, 2014-cü ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 300 milyon manat ayrılıbsa, 2015-ci ildə 150 milyona, 2017-ci illərdə isə 90 milyon manata qədər aşağı düşüb. Bu yöndə əsas maliyyə mənbəyi isə Dövlət Neft Fondu çıxış edirdi.

Neft gəlirlərinin yüksək olduğu bir vaxtda hökumətin onlar üçün qura bilmədiyi bir rifahı bundan sonra necə reallaşdıra biləcəkləri müəmmalı olaraq qalır.  2013-cü ildə hər bir nəfər məcburi köçkünə 1100 manat vəsait sərf olunurdusa, 2016-cı ildə bu rəqəm hər bir nəfər üçün 750 manata düşüb.

Təəssüf ki, bir neçə ilə yaxındır beynəlxalq maliyyə qurumlarının və humanitar təşkilatların da ayırdıqları yardımlar kəskin azaldılıb. Geridə isə 23 ildən çoxdur ki, soyuq, işiqsız, qazsız, susuz şəraitsiz otaqlarda yaşamağa məcbur olan yüz minlərlə məcbur köçkün insanının ümidləri qalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info