Avropa Məhkəməsinin qərarlarını ona görə icra etmirik ki… - Səməd Seyidov AŞPA-nın son qətnaməsindən danışdı

  • By Admin2
  • 25 İyun 2026 14:07

Xəbər verdiyimiz ki, AŞPA Azərbaycanla bağlı xüsusi qətnamə qəbul edib. 

Həmin qətnamədə Azərbaycan hökumətinə qarşı sərt tənqidlər yer alsa da, sonda Parlament bu qurumla dialoqa dəvət olunub. 

Bəs görəsən, qətnamədəki bu məqam AŞPA-nın Azərbaycana əl uzatması kimi qiymətləndirilməldirmi?

Bu barədə Gununsesi.info-nun suallarını Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olmuş, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

-Səməd müəllim, əvvəlcə, AŞPA-nın son qətnaməsi ilə bağlı ümumi fikirlərinizi bilmək istəyərdik.

-Ümumiyyətlə, ilk npövbədə bu qətnamənin niyə gündəmə gəldiyini ciddi araşdırmalıyıq. Qətnamənin ən əsas səbəbi Azərbaycanın yeni yaratdığı reallıqdır. Bunun kökü, əsası odur ki, artıq Azərbaycan regionda yeni bir geosiyası mənzərəni yaradıb. Bunun əsas xüsusiyyətlərindən biri də sülhdür. Otuz il müharibəyə məhkum olmuş dövlət bu gün sülh məsələsini gündəmə gətirir, delimitasiya, demarkasiya problemlərini həll edir, ermənilərlə danışıqlardan başqa vətəndaş cəmiyyətini də cəlb edir, iqtisadi məsələləri həll edir. İndi görün, adam nə qədər Şvabe kimi ədalətsiz, qərəzli olmaldır ki, əlinə demokratiya kimi silah götürüb, onu çevirərək çevirib edəsən təzyiq vasitəsi? Bundan istifadə edərək də Azərbaycana ittihamlar səsləndirəsən. Açıq söhbət edək, hansı ölkədə insan haqları problemləri yoxdur? Ən böyüyündən tutmuş ən kiçiyinə qədər var. Bunlar hamısı niyə kənarda qalır? Avropada bu gün küçənin ortasında qız uşağını boğazlayırlar, amma bunun haqqında heç kim danışmır, qətnamə çıxartmır. Yaxşı, sən indi insan haqlarından danışırsansa, nə oldu, Ermənistanda heç nəyi görmədin, ora oldu tər-təmiz? Paşinyanla bərabər üç rəqib, hansı ki, hamısı cinayətkarlardır, söz yox, ancaq rəqibi Karapetyan məhkəmə prosesindədir. Elə o cümlədən digərləri də. Söhbət Paşinyandan getmir, ikili standartlardan gedir. Bizdə hansı ikili standartlar var? Azərbaycanda Rusiyanın dövlət çevrilişi ilə bağlı təşkil etdiyi məsələni dəstəkləyirlər? Nədir bunların məqsədi? Onları yaxşı tanıyırıq. Onlar sülh yaradan Azərbaycan dövlətini qəbul edə bilmirlər. Özləri bir iş görə bilmirlər, atırlar Avropa Məhkəməsinin üzərinə. Bir nəfər də demir ki, axı bu hakimləri Azərbaycan seçmir.

-Yeri gəlmişkən, Azərbaycan Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyır, ancaq iki ildir ki, qərarlar icra olunmur. Bunun özü ciddi arqumentdir. Cavabınız nədən ibarətdir?

-Mən o hakimləri özüm seçmirəm ki. Hakimə öz razılığımı verməliyəm ki, onun çıxartdığı qərarı da icra edim. Mən axı onu seçməmişəm. Sən elə bir şərait yaratmısan ki, mən Avropa strukturlarının formalaşmasında iştirak etmirəm, amma sonra həmən strukturlar qərarlar qəbul edir, axırda da deyirlər, Azərbaycan qərarı icra etmir. Etməyəcək. Sən əvvəlcə, öz qətnaməni geri götür, hansı ki, yalan, böhtan dolu qətnamədir. Etiraf et ki, yalan danışmısan, böhtan atmısan, sonra da oturaq söhbət edək. Yoxsa Azərbaycan orada olmaya-olmaya özbaşına sənəd qəbul edirsən, səsi eşidiləməyə-eşidilməyə təkbaşına məruzəçi təyin edirsən. O məruzəçilər bir dəfə Azərbaycanla bağlı məsələ ilə maraqlanıb? Bir sözlə, həmin sənəd indi kağız parçasıdır, əhəmiyyəti yoxdur.

-Sənəddə diqqətimi bir məqam da çəkdi. Əvvəlki qətnamələrdə bunun şahidi olmamışıq. Ancaq yeni qətnamənin sonunda sanki Milli Məclis AŞPA ilə dialoqa dəvət edilir. Parlament buna hazırdırmı?

-Baxmışam, heç bir yumşalma yoxdur, bizim də mövqeyimiz aydındır. Biz bu qətnaməni qəbul etməmişik, onlar edib. Siz bir Azərbaycan vətəndaşı kimi Azərbaycanın etnik təmizləmə apardığını qəbul edə bilrəsiniz?

-Təbii ki, yox.

– Amma onlar yazıblar, ediblər. Mən indi onlarla birlikdə necə oturum? Əhalimin bir milyon insanını öz torpağından, evindən qovublar, onlar bunu bir kənara qoyur, ancaq Azərbaycanı etnik təmizləmə prosesində ittiham edirlər, sonra da əl uzadırlar? Bu əl ifrat dərəcə öz yalan strukturlarının içində batmış əldir. Ona görə də gedib əllərini yusunlar.

-Milli Məclis dialoqdan imtianmı edir onda?

-Onlar o qətnaməni geri götürməlidir. Etməyəcəklərsə, Azərbaycan onlarla dialoqa keçməyəcək.

-Səməd müəllim, Azərbaycanın Avropa Şurasındakı perspektivini necə görürsünüz?

-Sual düzgün deyil. Sual belə olmalıdır ki, Avropa Şurasının perspektivi nədən ibarətdir? Bu qətnamələrin qəbul olunması ilə bağlı, belə yanaşmalarla bağlı, Şvabenin faktiki olaraq Avropa Şurasını girov götürüb onu idarə etməsi ilə bağlı, Avropa İnsan Hüquqları Məhkəməsinin alətə çevrilməsi ilə bağlı…

Söhbətləşdi: Pərviz Həşimli

Gununsesi.info