Bakı şəhərinin Yasamal rayonu ərazisində, Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 kilometrə yaxın olan 5 küçədə yenidənqurma işləri aparılır.
ASC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, artıq bu çərçivədə işlərin 80 faizi yekunlaşdırılıb. Təzəpir məscidi ətrafındakı yollar 2, digər yollar isə 3 və 4 zolaqlı nəzərdə tutulub.
Məlumata əsasən, yenidən qurulan Balababa Məcidov küçəsində işlər isə tam yekunlaşıb. Küçə boyu yalnız yol-cızgi və yolgöstərici xətlərinin çəkilişi işi qalıb. Ərazidə yaşayan vətəndaşların rahatlığı üçün hərəkətin məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırılıb.
Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90 faizi başa çatıb. Hazırda küçədə son tamamlanma işləri aparılır. Piyada səkilərinin tikintisi və küçənin “Statistika dairəsi”nə doğru birləşdirilməsi üçün aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində tədbirlər görülür. Prospekt boyunca hazırda genişləndirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Layihəyə əsasən yolun ümumi eni 11-23,5 metr təşkil edəcək.
Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də işlər sürətlə davam etdirilir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb.
Füzuli küçəsində də son tamamlanma işləri aparılır. Burada ümumi işlərin 90 faizi yekunlaşdırılıb. Hazırda küçədə asfaltlanma və piyada səkilərinin tikintisi işləri gedir.
Mirzəağa Əliyev küçəsində isə asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Həmin ərazidə də torpaq və kommunikasiya xətlərinin çəkilməsi işləri yekunlaşır.
Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə yaradılır. Artıq burada da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır.
Qeyd olunub ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək.
Sözügedən küçələrdə işlərin may ayının əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub.
Gununsesi.info











