Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib

  • Müəllif: admin
  • 08 Aprel 2017 21:33

dovlet imtahan merkezi

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına və rezidenturaya, ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət və digər cari məsələlər müzakirə olunub.

Gununsesi.info-ya DİM-dən bildiriblər ki, bu qurumun Direktorlar Şurası sədrinin müavini B.Xəlilov dövlət qulluğuna qəbulla əlaqədar mövcud vəziyyətdən danışıb.

Şuranın üzvləri DİM-in internet saytına daxil olub, elektron ərizə qəbulu səhifəsində real vaxt rejimində dəyişən statistik məlumatlarla tanış olublar.

Diqqətə çatdırılıb ki, tətbiq olunan proqram təminatı günün istənilən vaxtı ərizə qəbulunun gedişatı haqqında məlumat əldə etməyə imkan verir.

Sonra magistratura və rezidenturaya ərizə qəbulunun başa çatması, ötən illə müqayisədə magistraturaya ərizə verənlərin sayının nisbətən azalması barədə məlumat verilib. Rezidenturaya qəbul olmaq üçün müraciət edənlərin sayı isə cüzi azalıb. Şura üzvləri məsələ ətrafında müzakirə apararkən qeyd ediblər ki, imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdəndir.

Qeyd edilib ki, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu, qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasının əsas səbəblərindəndir.

Magistraturaya qəbul olunan oğlanlara təhsil müddətində hərbi möhlət hüququnun verilməsinin bu il magistraturaya ərizə verənlərin arasında oğlanların sayının (faiz nisbətində) çoxalmasına səbəb olduğu vurğulanıb.

Gununsesi.info