
İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın19-da İranda keçiriləcək prezident seçkiləri üzrə namizədlərin qeydə alınması prosesinin ikinci günündə İranın sabiq prezidenti M. Əhmədinejad namizədliyini irəli sürüb.
Belə ki, aprelin 12-dən etibarən İranda prezidentliyə namizədlərin qeydə alınması prosesinə start verilib. İki gün ərzində İranda keçiriləcək 12-ci prezident seçkilərinə namizədliyini irəli sürənlərin sayı 100-ü keçib.
İranın rəsmi xəbər agentliyi “İRNA”nın verdiyi məlumata görə, bir müddət öncə İranın sabiq prezidenti M. Əhmədinejad prezident seçkisində Həmid Bəqayini dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, İranın Ali lideri Ayətullah Əli Xamenei M. Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, sabiq prezident bunun əksini edib. Nəticədə bu, İranda ciddi müzakirələrə səbəb olub.
Xatırladaq ki, bir neçə ay əvvəl İranın Ali lideri Ayətullah Əli Xamenei bu il keçiriləcək prezident seçkilərində M. Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görüb. Bundan sonra M. Əhmədinejad seçkilərdə öz prezidentlik zamanında köməkçisi olmuş H. Bakayiyi dəstəkləyəcəyini söyləyib.
İranda namizədlərin qeydə alınması prosesi aprelin 15-dək davam edəcək. Aprelin 26-da isə prezident seçkilərində iştirak edəcək namizədlərin adları elan ediləcək.
Anar
Gununsesi.info












