
İranda keçirilən prezident seçkilərində daha bir prezidentliyə namizəd namizədliyini geri götürüb.
Gununsesi.info İRNA-ya istinadən xəbər verir ki, prezidentliyə namizəd, İranın vitse-prezidenti İshaq Cahangiri namizədliyini geri götürərək, seçki marafonundan çıxdığını elan edib.
İshaq Cahangiri öz namizədliyini mövcud prezident, prezidentliyə namizəd Həsən Ruhaninin xeyrinə geri götürdüyünü bəyan edib. “Mən namizədliyimi geri götürsəm də, bütün imkan və səylərimi Həsən Ruhaninin və onun proqramının seçkilərdə qalib gəlməsinə sərf edəcəyəm”- deyə, İ.Cahangiri bildirib.
İ.Cahangiri onu da əlavə edib ki, Həsən Ruhanini dəstəkləmək və səs vermək elə İran xalqını dəstəkləməkdir.
Qeyd edək ki, Həsən Ruhani İrandakı islahatçıların nümayəndəsidir və namizədliyini geri götürən İ.Cahangiri də islahatçılar dəstəsinin nümayəndəsidir.
Onu də əlavə edək ki, bir neçə gün bundan öncə digər bir prezdentliyə namizəd, mühafizəkarlar qrupunun uğurlu təmsilçilərindən olan Tehranın meri Mühəmmədbaqir Qalibaf isə öz namizədliyini mühafizəkarların əsas namizədi İbrahim Rəisinin xeyrinə götürüb. İ.Cahangirinin də bu addımı mühafizəkarlar qrupuna adekvat addım kimi dəyərləndirilib.
İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Prezident olmaq üçünsə seçicilərin 50 faizdən artıq səsi toplanmalıdır.
Gununsesi.info











