“İŞİD artıq Azərbaycan sərhədlərinədək ayaq açıb” - ZAHİD ORUC

  • Müəllif: admin
  • 08 İyun 2017 15:13

zahid_oruc63

Son günlər ərəb ölkələri arasında baş verən qarşıdurma və iyunun 7-də Tehranda törədilən terror olayı bütövlükdə Yaxın Şərqi yenidən arxitekturalandırmaq planlarının tərkib hissəsidir.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, baş verən hadisələrin alt qatında yatan əsas məsələlərə aydınlıq gətirmək üçün 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı Donald Trampın seçkiöncəsi apardığı təbliğat kampaniyasına diqqət yetirmək kifayətdir: “Belə ki, Tramp o zaman ABŞ-ın 19 trilyon dollarlıq borcunu ərəb dünyası hesabına ödətdirəcəyini bəyan etmişdi. Artıq bunun ilk nümunəsi var. Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı 110 milyard dollarlıq silah müqaviləsi imzalandı. Müqavilənin digər şərtlərinə görə bu həcm gələcəkdə 300 milyarddan çox olacaq. Bu müqavilənin bağlanmasını bir çox analitiklər artıq ilk ödənc kimi dəyərləndirir. Necə deyərlər, bunu Vaşinqton Səudiyyə Ərəbistanın adını 11 sentyabr 2001-ci il Nyu-Yorkda törədilən terror hadisəsini törədən ölkə kimi siyahıdan çıxarılmasına görə ödənc və ya qan pulu kimi dəyərləndirmək olar”.

Millət vəkili bildirib ki, bax, bu hadisələrin fonunda İranın simvolu sayılan mərkəzlərə terror hücumu təşkil edilir: “Bununla da uzun illər terrordan təhlükəsiz ada kimi tanınan İranın imicinə zərbə vuruldu.  Hesab edirəm ki, İranda indiki məqamda terror hadisəsinin törədilməsi İŞİD-in arealının genişləndirilməsinə yönəlik addımdır. Bununla da İranla Qətəri üz-üzə qoymaq istəyirlər. Guya İŞİD-i Qətər maliyyələşdirirdi və  bu gün İŞİD də Qətərin müttəfiqi olan İrana hücum edib”.

Z.Oruc əlavə edib ki, baş verən hadisələrdə diqqət çəkən əsas məqam Türkiyənin özünü geri çəkməməsi və qərarsız qalmaması oldu. “Türkiyə Qətərə dəstək verməklə zəif bəndin gücləndirilməsinə çalışır”- deyə, o, vurğulayıb.

Hadisələrin gələcək inkişaf tempinə gəldikdə isə Z.Oruc bildirib ki, proseslər 2006-cı ildə ərəb dünyasında bir sıra zəif ərəb ölkələrinin sıradan çıxarılıb, onların yerində yeni dövlətlərin yaradılması ideyasının reallaşdırılması istiqamətində inkişaf etdiriləcək: “Artıq Qərb və bir sıra ölkələrin mediasında bu təbliğat kampaniyasına start verilib. Yeni yaranacaq dövlətlərdən biri də, İraqın şimalında yaranacaq Kürdüstan dövlətidir. Türkiyə və İran bu planın əleyhinə çıxdığına görə, İrana qarşı belə terror törədilib. Çünki İran bu ölkədə və bir sıra ərəb ölkələrində  güclü mövqeyə malikdir. Baxın, zamanında Səddam Hüseyni Qərb yıxdı, ancaq İran bundan yararlanaraq hakimiyyətdə öz maraqlarını təmin etdi. Hakimiyyət bölgüsünə əsasən baş nazir şiə olmalıdır və buna görə də baş nazir İranın təsir dairəsindədir. Bu gün İran 4 ərəb ölkəsində  böyük nufuz sahibidir və onların hakimiyyətinə birbaşa təsir edən ölkədir. Bu da Amerikanın maraqlarına uyğun gəlmir”.

O əlavə edib ki, bölgədə kürd dövlətinin yaradılmasını təkcə Amerika yox, Almaniya da dəstəkləyir: “Məhz bunun nəticəsidir ki, amerikalılar kürdlərdən Suriyada həyata keçirilən döyüşlərdə istifadə edir. Hazırda isə Rakkanın azad olunmasında kürd döyüşçülərdən istifadə olunur.Əgər əməliyyat uğurla başa çatarsa, Amerika kürdlərin hansısa formada maraqlarını təmin edəcək. Bax, bütün baş verən proseslərin sonu olaraq demək olar ki, bu hadisələrin ilkin mərhələsinin yekunu kimi İraq ərazisində kürd dövlətinin yaranması ilə nəticələnəcək. Bu plan reallaşacağı təqdirdə, İŞİD arxa plana keçəcək”.

İŞİD-in tamamilə aradan çıxarılmasına gəldikdə isə Z.Oruc deyib ki, bu mümkün deyil. “Bu gün din adı altında xeyli sayda silahlı təşkilatlar yaranıb. Sadəcə onlardan hansısa formada öz maraqlarını təmin etmək üçün istifadə edəcəklər. Bunlar harada, hansı ad altında üzə çıxacaq, bunu zaman göstərəcək”- deyə, o qeyd edib.

Millət vəkili burada təbii qaz uğrunda gedən mübarizəni də istisna etmir. Proseslərdə Türkiyənin roluna gəldikdə isə millət vəkili bildirib ki, Türkiyə baş verən proseslərə müşahidəçi kimi qalmaq istəmir: “Daxili qovğalardan qalib çıxan Ərdoğan beynəlxalq siyasətdə mövqeyini yenidən möhkəmləndirmək üçün ciddi səylər göstərməkdədir. Türkiyənin burada məqsədi təkcə yaxın münasibətdə olduğu Qətəri müdafiə etmək deyil. Ankara bu oyunların Türkiyənin maraqlarına uyğun olmadığını yaxşı bildiyi üçün proseslərə biganə qalmaq istəmir”.

Millət vəkili onu da əlavə edib ki, yaranmış durum Ankara-Tehran-Moskva formatındakı əməkdaşlıqda bu əlaqələrin daha da möhkəmləndirməsinə xidmət edəcək.

Baş verən proseslərdə Azərbaycanın sərgiləyəcəyi mövqeyə gəldikdə isə Z.Oruc bildirib ki, Azərbaycan həm qarşıdurma tərəfi olan ərəb ölkələri, həm də İranla yaxşı münasibətlərə malikdir: “Əslində Azərbaycanın adıçəkilən ölkələrlə yaxşı münasibətinin olması, onlar arasında dialoqun yaradılmasına vasitəçi kimi çıxış edə bilərdi. Ancaq indiki şəraitdə bu mümkün deyil.

İkinci bir məqam isə ondan ibarətdir ki, artıq İŞİD Azərbaycan sərhədlərinədək ayaq açıb və ona görə də təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Burada digəg əsas məqam ondan ibarətdir ki, hansısa mərkəzlər təxribat xarakterli hərəktələr edib Azərbaycanı bu prosesə cəlb etməyə çalışar. Ona görə də ehtiyatlı və ayıq olmaq lazımdır. Məsələn, bəzi mərkəzlər tərəfindən Azərbaycan ərazisinin Cənubi Azərbaycan əyalətləri hesabına genişləndirilmiş  xəritəsi yayılmaqdadır. Bu məsələdə ehtiyatlı olmaq lazımdır”.

Son olaraq millət vəkili bildirib ki, terrorun hansı ölkədə olmasından asılı olmayaraq  onu lənətləmək və məhv edilməsi üçün səyləri birləşdirmək gərəkdir.

Mürtəza

Gununsesi.info