
“Ermənilərdən övlad qurtarıb, gətirib, çətinliklə böyütdük ki, Emin Şəkinski kimi adamlar onun həyatını məhv etdirsin?”
Kəlbəcər rayonundan olan məcburki köçkün İbrahim Camalov oğlu Namiq Camalovun qanunsuz həbsi və azadlıqdan məhrum edilməsi ilə baglı prezident İlham Əliyevə şikayət edib. Gununsesi.info-nun xəbərinə görə, Kəlbəcər köçkünü oğlunun qanunsuz həbsində və sifarişli hökmünə görə, DİN generalı Emin Şəkinskini suçlayıb.
DİN-nin Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Emin Şəkinskinin keçmiş həyat yoldaşının uşaqları ilə birlikdə qaçmasına görə, oğlunun şərləndiyini deyən ata bildirir ki, bu işdə oğlunun heç bir günahı yoxdur: “Emin Şəkinski DİN-nin generalı olduğundan heç bir suçu olmayan insanları həbsə atdırıb. Onun bu əməllərinə isə hüquqi qiymət verilmir. Çünki, o generaldır və məhkəmələrə təzyiq eləmək üçün geniş imkanları var. Oğlumun iş materiallarına baxan istənilən adam (hətta hüquqşünas olmağa ehtiyac yoxdur) buna gülər. Ən acınacaqlısı isə odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev hökm verərkən ehtimallara əsaslanıb. Mənim oğlum dolanışıq üçün taksi fəaliyyəti göstərib. O, nə bilsin ki, avtomobildə gedən adamlar, ölkədən qaçır, yaxud, kimlərdir. Bu adamların qadın və uşaq olması isə şübhə üçün əsas da yaratmayıb. Oğıum ana və uşaqlarını Gürcüstan istiqamətə aparıb. Sonradan bəlli olub ki, bu ailə Emin Şəkinskinin keçmiş ailəsidir. Mənim oğlum heç bir cinayət törətməsə də günahsız yerə həbsdə yatır. Biz ermənilərdən övlad qurtarıb, gətirib, çətinliklə böyütdük ki, Emin Şəkinski kimi adamlar onun həyatını məhv etdirsin?”.
İbrahim Camalov məktubunda daha sonra yazır:
Cənab Prezident!
Bir neçə gündən sonra Bakı Apellyasiya Məhkəməsində oğlumun apellyasiya şikayətinə baxılacaq. Sizdən bir prezident kimi, vətəndaşların hüquq və azadlıqlarının qarantı olan şəxs kimi xahiş edirik. Bu prosesin ədalətli aparılması, övladım barəsində çıxarılan sifarişli hökmün dəyişdirilməsinə kömək edəsiniz.
Xatırladaq ki, Emin Şəkiniskinin bu işdə günahkar bildiyi şəxslərdən biri də hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyevdir.
Əlövsət Əliyev isə olayla bağlı mediaya açıqlamasında bunları deyib: Təqribən 2014-cü ilin yanvar ayında (ola bilsin daha əvvəl olub) Gülnara Şəkinskaya adlı xanım AMM rəhbəri kimi mənə müraciət etmiş və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirmiş, özünün iştirakı olmadan uşaqları ilə ərinin görüşməsi haqqında məhkəmə qərarını (baxmayaraq ki, ərinin uşaqları ilə görüşməsinə heç bir maneçilik törədilməmiş və istədiyi gün və günün istənilən vaxtı uşaqları ilə görüşmüşdür), eyni zamanda məcburi olaraq ruhi əsəb xəstəlikləri dispanserinə aparılmasını bildirmiş və ordan ona verilmiş tibbi sənədləri mənə təqdim etmişdir. Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə mövcuddur. Bunlara əsaslanaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən səfirliklərin və ya beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi. Mən qaçqın statusu almağa əsas olan halları (1951-ci il Konvensiyası, ona əlavə edilmiş protokollar və “Qaçqınların (və onlara bərabər tutulan şəxslərin) və məcburi köçkünlərin hüquqi statusu” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qaçqın statusu almaq hüququ olan şəxslər haqqında ona geniş məlumat vermişəm. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etmişəm.
Daha sonra o mənə özünü təqdim edib və əvvəllər miqrasiya sahəsində problemi olan bir qardaşına və bir bacısına effektli hüquqi yardım göstərdiyimə görə etibar etdiyini və güvəndiyini bildirdi. Bu artıq bizim ikinci görüşümüz idi. Bu zaman mən onun DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı olduğunu bilmişəm. Bunu biləndən sonra o məni inandırmağa çalışırdı ki, Şəkinski onu ruhi-əsəb xəstəlikləri dispanserinə saldırmağı və uşaqları, yəni 4 qızını, onun əlindən almağı planlaşdırır. Eyni zamanda, onu da bildirdi ki, onun oğlu olmadığına görə Emin Şəkinski onu boşamışdır. Eminin birinci xanımından olan oğlu rəhmətə gedəndən, qızları isə böyüyəndən sonra Emin tədricən onlara yaxınlıq edir, sonra isə qızları ondan almaqla onu ruhi əsəb xəstələri üçün dispanserə qoymaq istəyir. Onun mənə verdiyi məhkəmə qərarında Eminin uşaqlarla həftədə bir dəfə, 4 gün müddətində, görüşməsi qət edilmişdir.
Gülnarə Şəkinskaya Eminin imkanlarının geniş olduğunu, onun tərəfindən daimi izləndiyini, uşaqların məktəbə aparıb gətirilməsi üçün 2 sürücünün ayrılmasını, iki nəfərin isə onların mühafizəsi üçün ayrılmasını da bildirmişdir.
Digər şəxslərə olduğu kimi mən Gülnarəyə də xaricdə sığınacaq ala bilməsinə əsas olan halları izah etdim. Hətta ona hansı sübutlarının lazım olacağını da izah etdim.
Uşaqların hansı qaydada xaricə aparılması və ya özünün haradan viza alacağı mənim üçün maraqlı deyildi və mənim işimə də aidiyyəti yox idi. Həmin vaxt, onun uşaqlarının xaricə aparmasına icazənin olub-olmadığı ilə də maraqlanmamışam və bu mənim fəaliyyətimə aid olan iş deyil.











