Bu avtomobil hərracda 10 milyon dollara satılıb - FOTO

  • Müəllif: admin
  • 12 Sentyabr 2017 14:00

03
Lüks idman avtomobil istehsalçısı “Ferrari” “LaFerrari Aperta” modelini açıq hərracda 10 milyon ABŞ dollarına satıb. Amma alıcının kim olduğu barədə məlumat gizli saxlanılır.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtalyan avtomobil istehsalçısı “Ferrari” hazırda istesalı tam olaraq başa çatmamış “LaFerrari Aperta” model avtomobili “RM Sotheby” hərrac evində satışa çıxarıb.

Belə ki, hərrac “Ferrari”nin 70 illik yubileyi şərəfinə keçirilib. Nəticədə “LaFerrari Aperta” modeli hərracda 10 milyon ABŞ dollarına satılıb. Məhz satışdan əldə olunan gəlir “Uşaqları Xilasetmə Fondu”na(Save the Children) bağışlanacağı bildirilir.

“Ferrari”nin “LaFerrari Aperta” modeli 21-ci əsrdə buraxılan ən bahalı avtomobil olub.

Xatırladaq ki, “LaFerrari Aperta”nın premyerası 2013-cü ildə Cenevrə avtosalonunda baş tutub. Avtomobil dekorativ ağ əlavələrlə qırmızı rəngə boyanıb, qabaq hissəsində İtaliya bayrağı əks olunub. Model 6,3 litrlik 789 at gücünə sahib V12 mühərriki və 161 at gücü olan elektromotorla təchiz olunub. 100 km/saat sürəti avtomobil 3 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır. “Ferrari”nin “LaFerrari Aperta” unikal modelinin satışı 10 dəqiqə çəkib.

Qeyd edək ki, ilkin olaraq “Ferrari bu modeldən 499 ədəd buraxıb. Onlar isə ilkin sifarişçilərə satılıb. Hərracda satılan avtomobil isə xüsusi olaraq burada satılmaq üçün hazırlanıb və hesabca 501-ci idi.

Anar
Gununsesi.info