Azərbaycandan Ermənistana növbəti zərbə

  • Müəllif: admin
  • 29 Noyabr 2017 17:06

 

QDİƏT PMBA-nın sessiyasında qəbul edilən bəyannaməyə etiraz əlməti olaraq ermənilər zalı tərk etdilər

Jalə Əliyeva: “Azərbaycanın haqq səsi gec də olsa, artıq bütün beynəlxalq qurumlarda eşidilməkdə, problemlərimiz etiraf edilməkdədir

Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏT PMBA) 50-ci sessiyasının açılışı olub. Azərbaycanı sessiyada Milli Məclisinin (MM) komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov təmsil edirlər. Tədbiri açan Ukrayna Ali Radasının sədri Andrey Parubiy sessiyada PMBA-nın 25 illiyi münasibətilə bəyannamənin qəbul olunacağını, assambleyanın hesabatının dinləniləcəyini qeyd edib. Qeyd edək ki, sessiyanın ilk iclas günündə bəyannamə qəbul olunub.

Bu haqda Gununsesi.info-ya məlumat verən Azərbaycan nümayəndə heyətinin üzvü J. Əliyeva bildirib ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd öz əksini tapıb: “Bu isə Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətinin etirazına səbəb olub. Ona görə də bəyannamə səsə qoyulan zaman Ermənistan nümayəndə heyəti iclas zalını tərk edib.Bu, bir daha Azərbaycanın, QDİƏT PBM-dəki nümayəndə heyətimizin uğuru sayıla bilər”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın haqq səsi gec də olsa, artıq bütün beynəlxalq qurumlarda eşidilməkdə, problemlərimiz etiraf edilməkdədir. “Dünya, beynəlxalq qurumlar daha əvvəlki kimi özlərini görməməzliyə vura, həqiqəti gözrməməzlikdən gələ bilmir.Bütün bunlar da nəticə etibarı ilə Azərbaycanın artıq 30 ilə yaxın müddət ərzində məruz qaldığı işğal, təcavüz faktının aradan qaldırılmasında, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində öz müsbət rolunu oynaya bilər və oynayacaq. Buna inamımız gündən-günə artır…”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.

İki gün davam edəcək sessiyanın sonunda həmçinin, QDİƏT sədrinin müavinləri seçiləcək.

Onu da qeyd edək ki, QDİƏT 1992-ci il iyunun 4-də təsis edilib. Təşkilat həmin il iyunun 25-də İstanbulda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Albaniya Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya və Ermənistanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi) imzalanması ilə yaranıb. İstanbul Bəyannaməsi ilə yanaşı, iyunun 25-də 11 ölkənin dövlət və hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanıb.1998-ci il iyunun 5-də iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə əməkdaşlıq mexanizmi təşkilat statusu alıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info