Bakı Ali Neft Məktəbi 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi olub

  • Müəllif: admin
  • 20 Dekabr 2017 14:34

Bakı Ali Neft Məktəbi (BANM) “Azərbaycan Universitetləri” facebook səhifəsinin ölkədə fəaliyyət göstərən universitetlər arasında apardığı araşdırmaya, həmçinin onun üzvləri və tələbələr arasında keçirdiyi sorğulara əsasən 2017-ci ilin yaxşı ali təhsil müəssisəsi seçilib. Araşdırma və seçim zamanı aşağıdakı kriteriyalar nəzərə alınıb.

– BANM maddi texniki baza və sosial infrastruktur nöqteyi nəzərindən bütün universitetlərdən öndədir. Belə ki, 2017-ci ilin 1 may tarixində Azərbaycan prezidenti İlham Əliyev ən müasir texnologiyalarla təchiz olunmuş laboratoriya və auditoriyalar, müasir standartlara cavab verən idman-sağlamlıq kompleksi, yeni tələbə evi binalarını özündə birləşdirən Ali Məktəbin yeni kampusunun açılışını edib. Dövlət başçısı, həmçinin, açılış mərasimdə Ali Məktəbin fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib.

– Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsusdur.

– Ali Məktəbdə 3 ixtisas – Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib.

– BANM-ın ölkənin ən yüksək keçid balına malik olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə minimal bal 685 bal olub. Qeyd edək ki, 2017-ci il Dövlət İmtahan Mərkəzinin açıqladığı göstəricilərə əsasən bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb.

– Bu ilki nəticələrə əsasən, I qrup üzrə imtahan verən abituriyentlərdən 7 nəfər 700 bal toplayıb. Onların hamısı BANM-ı seçib.

– I qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord  göstərici məhz BANM-a məxsusdur, bu il Ali Məktəbə 24 nəfər Prezident təqaüdçüsü daxil olub.

– 2017-ci il BANM-ın ilk məzunlarının buraxılışı olub və həmin məzunların 94%-i artıq işlə təmin olunub. Qalan 6% isə ABŞ, Avropanın, eləcə doğma Azərbaycanın aparıcı universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər.

Gununsesi.info