
Dağıstan müftisi Əhməd Abdullayevin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru 46 yaşlı Ayna Həmzətova Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ərizə ilə MSK-ya müraciət edib.
Gununsesi.info vz.ru-ya istinadən xəbər verir ki, dekabrın 30-da Dağıstan müftisinin xanımı, “İslam” media holdinqin rəhbəri Ayna Həmzətovanın namizədliyinin dəstəklənməsi ilə bağlı iclas keçiriləcək.
A.Həmzətova eyni zamanda, müftinin müşaviri vəzifəsini daşıyır.
Rusiya Mərkəzi Seçki Komissiyası Ayna Həmzətovanın müraciətinə yanvarın 5-də baxacaq.
Ayna Həmzətova filologiya və hüquq sahəsi üzrə ali təhsil alıb. Rusiya Jurnalistlər İttifaqının üzvüdür. O eyni zamanda, “Put” (Yol) xeyriyyə fondunun təsisçilərindən biridir.
Onun birinci əri, Dağıstanın müftisi Səid-Mühəmməd Abubakarov vəhhabilər tərəfindən 1998-ci ildə qətlə yetirilib.
Ayna Həmzətova hesab edir ki, ən azından onu seçkilərdə 2 milyon insan dəstəkləyəcək. Yaxşı işləyərsə, bu say gözlənildiyindən qat-qat artıq ola bilər.
Gununsesi.info












