Tramp Yaxın Şərqdə Rusiyanın “əlinə” oynayır - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 13 Yanvar 2018 13:30

ABŞ prezidenti Donald Trampın İranın nüvə sazişi ilə bağlı sonuncu xəbərdarlığı və bu ölkənin 14 hüquqi və fiziki şəxsinə qarşı sanksiyalar tətbiq etməsi bir daha onu göstərir ki, Ağ Ev İranın Yaxın Şərqdən geri çəkilməsində və bu ölkənin zəiflədilməsi istiqamətindəki siyasətində israrlıdır. Çünki Ağ Evin bu qərarının ardınca Tramp administrasiyasının təmsilçisi deyib ki, bu ABŞ prezidentinin İrana qarşı sonuncu güzəştidir.

ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Xeyli bəyan edib ki, Vaşinqton İranın nüvə proqramı sazişi çərçivəsində Tehrana qarşı beynəlxalq aləmin də dəstəkləyəcəyi bir sıra  tədbrilər planı hazırlayır: “ABŞ İranın təhlükəli və sabitliyi pozan hərəkətlərinə dözmək niyyətində deyil və hesab edirik ki, digər ölkələr də bu məsələdə bizə qoşulacaqlar. Biz İranın aktiv raket fəaliyyəti, terroru maliyyələşdirməsi, insan hüquqlarını kobud pozmasına qarşı BMT-də yeni beynəlxalq əməkdaşlıq formatının yaranmasını gözləyirik. Bütün bu, addımlar nüvə razılaşmasından kənar qəbul ediləcək. Əgər biz bu məsələdə beynəlxalq konsensusa nail ola bilməsək, bu, bir daha nüvə razılaşmasının sülhə mane olmasının açıq göstəricisi hesab olunacaq”.

Trampın bu mesajı təkcə Tehrana deyil, eyni zamanda avropalı müttəfiqlərinə ünvanlanıb. Çünki Tramp özü bu qərarını şərh edərkən Avropa Birliyini İranla nüvə sazişinə yenidin baxmağa çağırıb. Avropa Birliyi də Vaşinqtonun bu qərarına reaksiya verərək bəyan edib ki,  qurum birgə bəyanat formasında ABŞ-a cavab verəcək. Bununla belə Avropa Birliyi nüvə proqramı sazişi çərçivəsində imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planını effektli hesab edərək, buna sadiq qalmağın vacibliyini qeyd edib.

Bu açıqlamalar onu göstərir ki, ABŞ qarşıdakı müddətdə niyyətinə nail olmaq üçün avropalı müttəfiqlərinə diplomatik və digər formada təzyiqlərini artırmaqla İranın nüvə sazişindən imtina etməyə nail olmağa çalışır. Artıq Fransanın mövqeyində dəyişiklik hiss olunmaqdadır. Fransa prezidenti Emmanuel Makron və bu ölkənin BMT-dəki daimi nümayəndəsi də İrana qarşı beynəlxalq təzyiqlərin tətbiq edilməsinin vacibiyini qeyd edib.

ABŞ təkcə avropalı müttəfiqlərini deyil, eyni zamanda Rusiyanı da  hansısa formada bu prosesə cəlb etmək istəyir. Ən azından Moskvanın İranla bağlı məsələdə bitərəf mövqe sərgiləməsinə çalışır.

Hələ 2017-ci ilin noyabr ayında Rusiya XİN başçısı Sergey Lavrov İranın nüvə sazişinin təhlükə altında olması barədə fikir səsləndirib. Bu isə o deməkdir ki, Tehran bu məsələdə Moskvaya elə də bel bağlamasın.

Tehranın küncə sıxışdırılması Moskvanın maraqlarına cavab verir

Burada digər əsas məqam ondan ibarətdir ki, Tehranın küncə sıxışdırılması Moskvanın maraqlarına cavab verir. Bunun bir neçə səbəbi var. Birincisi odur ki, İranın Yaxın Şəqrdən sıxışdırılması nəticəsində  yaranan boşluğu Rusiya doldurmağa çalışır və bu niyyətinə nail olmaqdadır. ABŞ da İranın Yaxın Şərq və Suriyadan sıxışdırılmasında Rusiya ilə 2017-ci ilin noyabrın 8-də birgə əməkdaşlıq sənədi imzalayıb. Bu sənədə əsasən Rusiya ABŞ-a İranı Suriyadan və Yaxın Şərqdən sıxışdırıb çıxarmaqda yardımçı olacaq. Rusiya bununla bağlı öz üzərinə müəyyən öhdəliklər də götürüb. Artıq Rusiya Suriyada və digər ölkələrdə bu prosesə start verib.

İkincisi, bu sanksiyalar və təzyiqlər İranın zəif olan iqtisadiyyatını daha da zəiflətməyə xidmət edir. İran dünyada ən böyük enerji resurslarına  malik ilk beş ölkədən biridir. Əgər İrana qarşı sanksiyalar aradan qalxarsa və bu sahəyə investisiya yatırılarsa, Tehran qısa zamanda  enerji sahəsində dünya bazarındakı əvvəlki mövqeyini ələ almaqla Rusiyanı bazardan sıxışdırıb çıxara bilər. Rusiya bunu yaxşı anlayır və  rəqabətdə uduzacağından İrana qarşı sanksiyaların davam etməsində və bu ölkənin iqtisadiyyatının zəiflədilməsində maraqlıdır. Odur ki, Rusiyaya güclü yox, zəif İran lazımdır.

Gözlənilən odur ki, İran qarşı təzyiqlər kampaniyası davam edəcək və yaxın gələcəkdə ən azından İranın hüquqi və fiziki şəxslərinə qarşı sanksiya siyahısı genişlənəcək. İrana qarşı digər “sürpriz”lərin olacağı  da istisna deyil.

Tehran-Ankara ittifaqı

Yaranmış durum Tehran-Ankara ittifaqını zəruri edir. Çünki Tehran  yaranmış durumda Moskvanın mövqeyindən xəbərdar olduğundan ona elə də etibar etmir. İran bölgədə mövqeyini qoruyub saxlamaq və müqavimət göstərmək üçün ancaq Ankaraya belə bağalaya bilər.

Son olaraq onu demək olar ki, ABŞ-ın İran və Türkiyəni Yaxın Şərqdən sıxışdırması Rusiyanın bu bölgədə siyasi təsir dairəsini genişləndirməyə və möhkəmlənməsinə xidmət edir.

Mürtəza Bünyadlı

Gununsesi.info