“Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır” - İLHAM ƏLİYEV

  • Müəllif: admin
  • 08 May 2018 10:12

 Avropa İttifaqının böyük nümayəndə heyəti Azərbaycanda

Mayın 7-də Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Gununsesi.info bildirir ki, Prezidentin mətbuat xidmətinin yaydığı xəbərə görə, Avropa İttifaqı ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı Avropa Komissiyasında keçirilən son görüşlərini məmnunluqla xatırladıb və bu səfərin nəticəsi kimi yeni saziş üzərində işlərin başlandığını deyib.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, ticarət və enerji təhlükəsizliyi sahələrində həyata keçirildiyini qeyd edərək Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə daha da artdığını vurğulayıb.

Nəqliyyat infrastrukturu sahəsinə toxunan dövlət başçısı ötən il istismara verilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu oynadığını və Azərbaycanın Avrasiya məkanında önəmli nəqliyyat qovşağına çevrildiyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.