Fransa parlamentinin direktor müavini: - "Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün çoxsaylı sahələr mövcuddur"

  • Müəllif: admin
  • 04 İyun 2018 14:22

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi Fransa xalqı üçün çox maraqlı bir hadisədir. Çünki Qafqaz regionunda yerləşən və müsəlman ölkəsi olan Azərbaycan müasir, dünyəvi və inkişaf etməkdə olan bir respublikadır”.

Gununsesi.info “Report”un Qərbi Avropa bürosuna açıqlamasına istinadən bildirir ki, bunu Fransa parlamentində iclaslar üzrə idarənin direktor müavini Damyən Kasselən bildirib.

O vurğulayıb ki, Azərbaycanda dünyəvilik kimi bəşəri dəyərin 100 illik tarixi var və bu Qərb ölkələri, o cümlədən Fransa üçün gözəl bir nümunədir: “Biz Fransada dünyəvi dövlət yarada bilmişik və Azərbaycan da buna nail olub. Bu gün bizim çox əhəmiyyət verdiyimiz və öz ölkəmizdə təmin etdiyimiz bu ümumbəşəri dəyər Azərbaycanla Fransanı bir-birinə daha da yaxınlaşdırır”.

İkirətəfli münasibətlərə toxunan D.Kasselən qeyd edib ki, bu tarixi hadisə, eyni zamanda Azərbaycanın bu sahədəki bugünkü uğurları Azərbaycan ilə Fransa arasındakı gələcək əməkdaşlıq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyəti kəsb edir: “Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişaf etdirilməsi üçün çoxsaylı sahələr mövcuddur. Fransa enerji idxal edən, Azərbaycan isə ixrac edən ölkədir. Bu sahədə bizi böyük iqtisadi əməkdaşıq perspektivləri gözləyir. Bununla yanaşı xüsusilə biz mədəni əlaqələrin inkişafına daha çox diqqət ayırmalıyıq. Çünki, Azərbaycanda frankofoniyanın kökləri mövcuddur, ölkədə Fransız Litseyi fəaliyyət göstərir, fransız dili universitet səviyyəsində tədris olunur. Fransalılar bu məqamlara həssaslıqla yanaşırlar və bütün bunlar ölkələrimiz arasında dostluğumuzu daha da möhkəmləndirir”.