Müəllif hüquqlarının pozuntusu iqtisadi inkişafı da ƏNGƏLLƏYİR

  • Müəllif: admin
  • 14 İyun 2018 18:29

Kiberməkanda müəllif hüququnun qorunmasının yeni normaları işlənib hazırlanması zəruridir

“Yazdığımız eksklüziv məlumatlar, araşdırma yazılar, hətta bizim sayt üçün yazıldığı göstərilən köşə yazıları dəfələrlə nə müəllifə, nə sayta istinad edilmədən başqa media orqanlarında dərc edilib. Bəzən öz yazılarımızı bir gün sonra qəzet səhifələrində də başqa imza ilə oxuyuruq. Əgər yazılarımızı “özününküləşdirənlərin” telefonunu tapa biliriksə, iradımızı bildirir, istinad edilməsini tələb edirik. Adını onlayn media qoyan bir çox internet resursları əlaqə vasitələrini belə oxucularından gizlədiklərindən çox vaxt susmağa məcburuq. Çünki məhkəməyə müraciət etmək üçün də bizə hüququmuzu pozan tərəfin hüquqi və ya faktiki ünvanı lazımdır. Həmçinin, düşünmürük ki, məhkəməyə müraciət müəllif hüququnun pozuntusunun bərpası ilə nəticələnəcək”. Bu fikirləri uzun müddət qəzetçilik təcrübəsi olan və üç ilə yaxındır gununsesi.info  saytına rəhbərlik edən Pərviz Həşimli deyir.

Sirr deyil ki, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı həyatımıza təkcə yeniliklər deyil, həm də  problemlər  gətirdi. Yeni texnologiyalar informasiya mübadiləsini asanlaşdırdığından gün ərzində rahat şəkildə yüzlərlə informasiya ala bilirik. Eyni zamanda plagiat xəbərlər, intellektual mülkiyyət nümunələri, plagiat ideyalar əsasında çəkilmiş filmlərə, ədəbi əsərlər də həyatımıza daxil olur. Amma informasiya axını o dərəcədə sürətlidir ki, bəzən nəyin plagiat, nəyin orijinal olduğunu belə müəyyənləşdirmək çətin olur. Bir çox hallarda isə orijinal bir nümunəyə kiçik bir detal əlavə etməklə onu özününküləşdirmək meyllərinə rast gəlinir. Azərbaycanda media, xüsusilə, rəqəmsal media sahəsində müəllif hüquqlarının qorunması ilə bağlı vəziyyət daha acınacaqlıdır. Əksər hallarda müəllif hüquqlarına hörmət edilmir, informasiyanın mənbəyi göstərilmir, ayrı-ayrı müəlliflərin araşdırma yazıları belə istinadsız tirajlanır.

Müəlliflik hüququ Konstitusiya ilə qorunur

Müəlliflik hüququ əqli mülkiyyət sisteminin ən zəngin və geniş yayılmış əqli nəticələrinə olan hüquqlardır. Azərbaycan Konstitusiyasının 30-cu maddəsinə əsasən, hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

Həmçinin, ölkəmizdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun mövcuddur.  Qanun ölkə ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Qanunun 25-ci maddəsinə görə, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması isə müddətsizdir.

Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 50 il müddətində qüvvədə qalır. Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 50 il müddətində qüvvədədir. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.

Məhkəmə hüquq sahibinin çəkdiyi zərərin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir

Bundan başqa 2012-ci ildən qüvvədə olan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun da əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir.

 

Qanunun 6-cı maddəsinə görə, hüquqpozmaya yol verən şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir.  Zərər müəyyən edilərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər, hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər, hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərə alınmalıdır.

Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.

Qanunda “olmazlar” cəzalandırmağa deyil, sövq etməyə yönəlməlidir

Media eksperti Zeynal Məmmədlinin qənaətinə görə, Azərbaycan qanunvericiliyində müəllif hüququnun qorunması ilə bağlı problem mövcuddur: “Xüsusən, mediada müəlliflik hüququ və əqli mülkiyyət hüququnun  sərhədlərinin dəqiq müəyyənləşdirilərək hüququn təmini məsələsi tam tanzimlənmir. Amma Amerika qanunvericiliyində bu kimi məsələlər tam xırdalıqlarına qədər tənzimlənir. Musiqi, əsər, media materiallarından istifadə ilə bağlı məsələlər qanunvericilikdə  konkret olaraq əksini tapıb. Mediada xəbərlərin ictimai əhəmiyyəti və hər kəsin məlumat almaq hüququ əsas götürülərək onların təkrar istifadəsinə yol verilir. Amma məzmundan istifadə yolverilən olsa da, müəllifin ifadə formasının eyni ilə təkrarlanmasına icazə verilmir. Televiziya verilişləri ilə bağlı da eyni məsələ keçərlidir”.

“Burada sadəcə sosial şəbəkələr və medianı ayırmaq lazımdır. Özünü media hesab edənlərin fəaliyyəti həm də media qanunvericiliyi ilə tənzimlənir. Burada media olduğu həm könüllü bildirilə, həm də istifadəçi sayı ilə müəyyənləşdirilə bilər. Bizdə bununla da bağlı birmənalı natamamlıq var və internet resursları da media hesab olunur. Amma internet insanların özünü azad ifadə məkanıdır. Şəxs internetdən özünü ifadə kimi istifadə edirsə, fəaliyyət sərhədləri daha genişdir. Amma media olanda istər-istəməz sərhədlər daralır”,- deyə Zeynal Məmmədli qeyd edir.

Ekspertin sözlərinə görə, istənilən halda media azadlığı ilə bağlı problem olan ölkələrdə müəlliflik hüququnun qanunvericiliklə tam tənzimlənməsi problemlərin daha da artmasına gətirib çıxaracaq: “Azərbaycan da hələ o qədər inkişaf etməyib ki, “olmaz”ları əsas götürsün. Azərbaycan hələlik “olarları” tapıb üzə çıxarmalıdır. Qanunda xoşniyyətlilik olmalıdır. Qanunda “olmazlar” cəzalandırmağa deyil, sövq etməyə yönəlməlidir. Amma bizdə əksinə proses gedir. Qanun fikrin sərbəst ifadəsinə yox, sərbəst ifadədən çəkindiməyə yönəlikdir”.

 Problem qanunun olmaması ilə bağlı yox, onun tətbiqi ilə bağlıdır

Media hüququ eksperti Ələsgər Məmmədli isə deyir ki, Azərbaycanda əqli mülkiyyət Konstitusiya ilə qorunan təminat altındadır: “Müasir kommunikasiya vasitələrinin inkişafı və informasiyanın çox sürətlə kopyalanıb yayıla bilmə imkanlarının mövcudluğunda sistemli olaraq bu məsələlərə nəzarət olmursa, kobud hüquq pozntularına gətirib çıxarır. Müəlliflər özü görünməsə də, onun araşdırma, veriliş və filmləri ayrı-ayrı media orqanlarnı dolaşır. Dünyanın aksər  ölkələrində müəllif hüquqları ilə bağlı pozuntular olsa da, bizdə vəziyyət daha acınacaqlıdır. Halbuki, Azərbaycanda həm “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun var, həm də ölkə “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasına qoşulub”.

“Qanunvericiliyin pozulması ilə bağlı yaranan məsuliyyət də  mülki qanunvericilikdə əksini tapıb. Detallar şaxələndirilməsə də, baza var. Amma Azərbaycanda problem qanunun olmaması ilə bağlı yox, onun tətbiqi ilə bağlıdır. Qanunvericiliyin tətbiqinə də baxsaq, bu  sahədə də ciddi sanksiyaların tətbiqini görə bilmərik. Bu bir tərəfdən də cəmiyyətdə məhkəməyə olan inamsızlıqla bağlıdır. Digər tərəfdən isə müəlliflər özləri də hüquqlarını məhkəmə vasitəsi ilə qorumaq istəmir. Çünki müəlliflik hüququnda iki aspekt var. Müəllifin adı ilə yanaşı, əqli mülkiyyət məhsulunun kommersiya dəyəri də var. Amma bizdə maddi təzminat ikinci dərəcəli olduğundan və daha çox mənəvi aspektlər qabardıldığından çox vaxt məhkəməyə gedilmir”,- deyə Ələsgər Məmmədli bildirir.

Müəllif hüququnun pozulmasından əziyyət çəkən Pərviz Həşimli isə o qənaətdədir ki, onlayn mediada müəllif hüquqularının pozuntusu adi hal aldığından bunun qısa zamanda həlli mümkünsüzdür: “Problemin həlli üçün ilk növbədə medianın azadlığı təmin edilməlidir. Media mövcudluğunun oxucu sayından asılı olduğunu və buna uyğun reklam ala biləcəyini görərsə, özü müəllif hüquqlarına hörmət edəcək. İqtisadi dayaqları möhkəm olan media işçi sayını artıracaq və məlumat boşluğunu digər saytların hesabına ödəmək istəməyəcək. Bu mənada problemin həlli üçün sistemli tədbirlər görülməlidir. Pərakəndə addımlar və inzibati tədbirlərlə bu problemi həll etmək mümkün deyil”.

Müəllif hüquqlarının pozulması iqtisadiyyata böyük zərbə vurur

Müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti var. Böyük iqtisadi potensialı olan müəlliflik hüququ son illər həm də iqtisadi inkişafın vacib aləti kimi çıxış edir. Digər əqli mülkiyyət hüquqları ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatin” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilib. Müəllif hüquqlarının qorunması  mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Müəllif hüquqlarının pozulması isə həm də  iqtisadiyyata böyük zərbə vurur. Milyardlarla ölçülən vəsaitləri qanuni iqtisadi fəaliyyətdən sıxışdırır, gizli iqtisadiyyata yardım etməklə vergi yükünü artırır. Həmçinin, yüz minlərlə iş yerinə mənfi təsir edir, istehlakçıları təhlükəli və qeyri-effektiv məhsullarla üz-üzə qoyur. Bir sözlə, əqli mülkiyyətin qeyri-qanuni əldə edilməsi və istifadəsi ilə bağlı oğurluq forması şəxsi sərvətin oğurlanması ilə eynidir. Bu oğurluq əqli mülkiyyət hüquqlarını pozaraq innovasiyalara stimulları zəiflədir, uzunmüddətli dövrdə isə iqtisadi artıma mənfi təsir edir. Odur ki, iqtisadi inkişafı hədəfləyən hər bir ölkə müstəqil məhkəmə, azad media, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti ilə yanaşı, əqli mülkiyyət hüququnun qorunmasını da təmin etməlidir.

Xalid VAHİDOĞLU