2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır - QÜDRƏT HƏSƏNQULİYEV

  • Müəllif: admin
  • 18 Dekabr 2018 23:08
“Dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycan diplomatiyasının böyük uğuru və qələbədir. Biz indiyə qədər müşahidə edirdik ki, keçmiş sovet respublikalarındakı bu tipli münaqişələrlə bağlı həmişə Gürcüstanın, Moldovanın Ukraynanın ərazi bütövlüyü tanınırdı və münaqişəni yalnız bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunması qeyd olunurdu”. ”
Gununsesi.org-un  məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq CəbhəSi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib:
Millət vəkili “amma Azərbaycanla bağlı bizə deyirdilər ki, “gedin Ermənistanla dil tapın, danışın, sizin razılaşdığınız variantı biz də müdafiə edəcəyik, dəstəkləyəcəyik”. Bununla da dolayısı ilə Ermənistanı dəstəkləyirdilər”, – deyə əlavə edib: “Amma Avropa Parlamenti ilk dəfədir qərar qəbul edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və bu qətnamənin qəbul olunmasında sözsüz ki, Azərbaycan parlamentinin də rolu çox böyükdür. Mən həm də deputat həmkarım Cavanşir Feyziyevə fəaliyyətinə görə təşəkkür edirəm. Həqiqətən də son zamanlar Azərbaycan diplomatiyasının ikinci bir qələbəsi ondan ibarətdir ki, Ermənistan özünün hətta müttəfiqləri arasında belə təklənib, öz nüfuzunu itirib. Lukaşenkonun mətbuata verdiyi açıqlamalar bunu təsdiqi idi. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistana təzyiqlərini artırılmalıdır və 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır. Yəni biz 2019-cu ili bu istiqamətdə ciddi qərarların qəbul olunması ili kimi görməliyik. Mən hesab edirəm ki, həqiqətən də Azərbaycan hökuməti artıq Ermənistana təzyiqləri ciddi şəkildə artırmalıdır. Əgər Ermənistan 2019-cu ildə güzəştə getməyəcəksə, Azərbaycan ordusu nəhayət ki, öz gücündən istifadə etməli və güc yolu ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməldir. Bu barədə artıq Minsk qrupunun həmsədrləri də məlumatlandırılmalıdır və onlardan da tələb olunmalıdır ki, artıq torpaqlarımızın işğaldan azad olunması üçün onlar da öz qəti sözlərini söyləsinlər”.