
ABŞ Senatı yanvarın 3-də Erl Litsenberqerin Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib. Xəbəri “Turan” agentliyi Vaşinqtondakı müxbirinə istinadən yayıb. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta 9 ay əvvəl Bakını tərk edib. Səfir Robert Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmağa qərar verib.
Erl Litsenberqer ABŞ-ın Azərbaycanda 11-ci səfiridir. Hərbi-siyasi-təhlükəsizlik sahəsi üzrə mütəxəssisdir.
Litsenberqer bir müddət əvvəl öz çıxışında bəyan edib ki, Birləşmiş Ştatlar qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının qorunması vasitəsilə Azərbaycanla demokratik və açıq iqtisadi prinsiplərin irəliləməsində sıx əməkdaşlığı davam etdirməlidir: “Bu islahatların həyata keçirilməsi Azərbaycanın marağındadır, çünki bu, uzunmüddətli sabitliyin təminatı, həm də onun vətəndaşlarının potensialı və iqtisadiyyatı üçün vacibdir. Demokratiyalar ancaq o zaman çiçəklənir ki, müstəqil məhkəmə sistemi, qanunun aliliyi, azad atmosfer, enerjili vətəndaş cəmiyyəti, plüralizm, demokratik seçki prosesləri, insan hüquq və azadlıqlarına hörmət edilməsi onları dəstəkləyir. Azərbaycan bu yolla irəlilədikcə ikitərəfli münasibətlər möhkəmlənəcək”.
O, digər prioritet kimi Qarabağ münaqişəsinin həllini göstərib: “Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından böyük prioritet yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gücdən və güc ilə bağlı təhdidlərdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və özünütəyin hüququ da daxil olmaqla, BMT nizamnaməsi və Helsinki Yekun Aktı prinsipləri əsasında münaqişənin nizamlanması üzrə dinc, uzunmüddətli danışıqlara nail olunması üçün tərəflərlə işi davam etdirir. Əgər mənim təyinatım dəstəklənərsə, bu məqsədə çatmaq üçün administrasiyanın öhdəliklərini dəstəkləyəcəm”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə oxu.az-müsahibəsində ABŞ Senatının bir neçə ölkə səfirinin təyinatını təsdiqlədiyini diqqətə çatdırıb: “Bu gün dünyanın əksər ölkələrində, o cümlədən, aparıcı Avropa və Asiya ölkələrində mükəmməl olan ABŞ diplomatik nümayəndəlik rəhbəri yoxdur. Donald Tramp administrasiyasının Azərbaycana səfir təyinatını vacib bilməsi, onun namizədliyini irəli sürməsi və təyinatı Senatın təsdiqinə buraxması, prinsipcə, bizim ölkənin Vaşinqtonun gözündə strateji əhəmiyyətinin göstəricisidir. İndiki Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir. Mən buna nikbinliklə yanaşıram”.
Azərbaycanlı diplomatın sözlərinə görə, çox məsələlər amerikalı səfirin fəaliyyətindən asılı olacaq: “Bəli, şübhəsiz ki, ABŞ-ın Bakıdakı diplomatik missiyasının rəhbəri Birləşmiş Ştatlar administrasiyasının yürütdüyü siyasətin bir bələdçisidir. Bununla belə, səfirin şəxsiyyəti də böyük əhəmiyyət kəsb edir. Onun işinin pozitiv olacağına, həm Azərbaycan, həm də ABŞ-a xeyir verəcəyinə ümid etmək istərdim”.
E.Süleymanov ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədə ermənipərəst Senat üzvlərinin köməyi ilə təzyiqlər göstərmək cəhdlərinin olduğunu bildirib: “Ona təxribat dolu suallar verirdilər, Donald Tramp administrasiyasının ünvanına kəskin tənqidlər səslənirdi. ABŞ-ın erməni icması, xüsusilə daşnakyönümlü qüvvələr, Donald Tramp və onun ötən il Azərbaycan, Gürcüstan və Ermənistanda olmuş milli təhlükəsizlik müşaviri Con Bolton haqqında mənfi fikirlər səsləndirirdilər. Ancaq bunlara rəğmən, səfirin təyinatı təsdiqlənir, bu isə ABŞ maraqlarının üstün gəldiyini göstərir”.












